"Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və dövlət büdcəsinə təsirləri də aidiyyəti dövlət qurumları ilə birgə müzakirə edilib. Dəyişikliklər nəticəsində dövlət büdcəsinə əlavə 623 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib:
"Digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək".
Mərahim Nəsib