İdxalın bahalaşması gözlənilən idi, artıq biz bu barədə açıqlama da vermişdik. Belə ki, daxili istehsal idxaldan asılı vəziyyətdədir. Təxminən Azərbaycanda yerli istehsalın 60-70%-i xaricdən gətirilən xammallardan asılıdır.
Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bankın sədri Elman Rüstəmovun dünənki açıqlamasında bildirdiyi, “çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər” fikrini şərh edərkən bildirdi.
“Belə olduğu təqdirdə təbii ki, Azərbaycanda hazırkı situasiyada aparılan məzənnə siyasəti manatın mərhələli şəkildə devalvasiyası, ucuzlaşması manata nisbətdə dolların bahalaşmasına gətirib çıxaracaq. Azərbaycana idxal olunan məhsulların böyük bir qismi dollar və avro vasitəsilə alqı-satqı edilir, yəni ticarət əlaqələrində dollar və avrodan istifadə edilir. Manatın məzənnəsinin ucuzlaşması nəticəsində dollar və avronun bahalaşması Azərbaycana idxal olunan məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq”- deyə, Rəşad Həsənov bildirir.
İqtisadçı idxalın bahalaşması ehtimalını sadə misallarla izah edir:
“Dünənə qədər 5 dollara Azərbaycana idxal edilən məhsulun maya dəyəri 3 manat 70 qəpik təşkil edirdisə, sabah manat dəyərini itirdikdən sonra isə, 5 dollara gətirilən məhsulun maya dəyəri 4 manat 20 qəpik təşkil edəcək. Bu isə 50 qəpik və ya 11-12% bahalaşma deməkdir. Bu gözləniləndir, bu baş verəcək”.
Elman Rüstəmov dünən müsahibəsində bildirmişdi ki, ərzaq məhsullarının bahalaşmasını müşahidə etməyəcəyik, amma eyni zamanda qeyd edir ki, idxal bahalaşacaq, bu cür paradoksu isə ekspert belə şərh etdi:
“Mərkəzi Bankın son günlər açıqlamalarında həqiqətən də ziddiyyət var. Bank avronu valyuta sisteminə daxil edir ki, bu manatın devalvasiyası kimi qiymətləndirilir. Dünənki açıqlamasından belə anlaşılır ki, ölkədə devalvasiya gözlənilmir. Bu kimi paradoks vəziyyətlər var, o cümlədən qeyd etdiyiniz fikir.
Ekspert bildirir ki, manat devalvasiya olduğu təqdirdə, ərzaq məhsulları bahalaşsa da biz bu halı, qeyri-ərzaq məhsullarının qiymətlərində (avtomobil, daşınmaz əmlak, qızıl-zinət əşyaları) artım müşahidə etməyəcəyik.
“2015-ci ildə daxili tələbatda azalma olacaq, ərzaq məhsulları baxımından bu, ən az zərər görən sektor olacaqdır. Yəni ərzaq daha vacib tələbat növü sayılır. Məhz bu baxımdan düşünürük ki, manatın devalvasiyası həyata keçirilərsə, inflyasiya baş verəcəkdir. Bu təxminən 10%-ə qədər gəlib çıxa bilər.
Məsələlərə bu baxımdan yanaşsaq, Azərbaycanda 2015-ci ildə iqtisadi artımdan söhbət gedə bilməz. Belə olanda iqtisadi durğunluq daxili tələbatın azalmasına gətirib çıxaracaq. Yəni vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşəcəkdir, eyni zamanda bunun psixoloji təsirləri də olacaq, çünki vətəndaş hansısa böhranı hiss edirsə, o zaman xərclərini bir çox hallarda gələcək təminatı üçün bilərəkdən azaldır”.
Ülviyyə R. Əli
www.oxu.az