Son illər Azərbaycanda xarici internet-mağazalardan onlayn-sifariş vasitəsilə dövriyyənin həcmi 2014-cü ildə nəzərəçarpacaq dərəcədə artmışdı. Azərbaycanda onlarla “qeyri-qanuni sahibkar” bu tələbatın artdığını görərək Azərbaycana xaricdən mal axınını təşkil etmiş, heç bir idxal rüsumu və daxili vergi ödəmədən ölkə daxilində demək olar ki, kütləvi satışlara başlamışdı. 2013-2014-cü illərdə bu proses daha da geniş vüsət almışdı.
1000 dollaradək poçt vasitəsilə idxal olunan mallara rüsumun tətbiq edilməməsindən istifadə edən bu “ticarətçilər” xarici mağazalardan öz qohumlarının, qonşularının adına malları idxal edir, ya sifarişlə, ya da pərakəndə satışla məşğul olurdu. Bu, qeyri-qanuni kommersiyada qiymət əsas “rəqabət” üstünlüyü idi.
Azərbaycanda fəaliyyət göstərən rəsmi distribyutorlar ölkəyə idxal etdikləri mallar üzrə bütün verigləri ödədikləri üçün onların daxili bazarda satışı ilə məşğul olduqları malların qiyməti xaricdən onlayn sifarişlə idxal olunan mallardan daha bahadır.
Bu nə üçün belədir? Çünki hər bir malın qiymətinin üzərinə yuxarıda qeyd edildiyi kimi ƏDV daxil olmaqla orta hesabla 33% əlavə olunur. Xaricdən onlayn sifarişlə malı idxal edən “ticarətçilər” isə vergi ödəmir və ona görə də ölkə daxilində haqsız rəqabət mühiti yaranır. Hətta iş o yerə çatmışdı ki, bu yolla ölkəyə mal gətirən bəzi “ticarətçilər” adi mağazaları qapı-qapı gəzərək özlərinin “ucuz” mobil telefonlarını, geyimləri təklif edirdi. “Ticarətçilər” bu mallar üzrə siyahını və qiymətlərini təqdim edərək sifarişlərin qəbul olunduğunu də deyirdi. Bilindiyi kimi əsas idxal malı isə mobil telefonlar idi.
Qanun boşluqlarını görən bəzi xarici internet-mağazalar Azərbaycanda da “daxil” olmuşdu. BƏƏ-nin bəzi internet-mağazaları ölkənin internet-məkanında geniş reklam olunaraq öz mallarını “1000 dollar” baryeri çərçivəsində ölkəyə rüsumsuz daxil edirdi. Bir sıra hallarda idxal olunan malların qiyməti sənədlərdə endirilir və “1000 dollar” çərçivəsinə salınırdı.
Əgər proseslər belə davam edərsə, yaxın 3-5 il ərzində daxili ticarətin bəzi seqmentlərində iflic vəziyyəti də yarana bilər. Bu isə öz növbəsində büdcəyə vergi daxilolmaların azalması, dövlətin sosial layihələrə, təhsilə, müdafiəyə az vəsaitin ayrılmasına gətirib çıxara bilər.
Yerli elektron ticarət mağazaları artıq bu haqsız rəqabətlə mübarizəyə qalmağa məcbur olub. Çünki xaricdən vergisiz idxal olunan mobil telefon, ölkəyə kommersiya məqsədilə idxal olunmuş qurğudan ucuz olur və yenicə addım atmağa başlayan yerli e-ticarətə zərbə vurur.
Ann.az saytına müsahibə verən Azərbaycanın aparıcı onlayn-mağazalarından olan Shopera.az-ın rəhbəri Rəşad Camal mobil telefon seqmentində idxal üçün maraqlı model təklif etmişdi, - “Hər adama bir il ərzində xarici pasport qeydiyyatı ilə cəmi bir ədəd telefon gətirilməsinə icazə verilə bilər. Eyni zamanda, telefonun ölkə daxilində qeydiyyatdan keçirilməsi 50-70 AZN arası məbləğdə olmalıdır ki, biz, yerli elektron ticarətçilər xarici elektron ticarətçilərlə rəqabət apara bilək. Əks halda biz nə “Amazon”la, nə “eBay”la, nə də başqa bu kimi saytlarla rəqabət apara bilmərik. ABŞ-da eTicarətin inkişafı üçün qanun tətbiq edərək, elektron ticarəti 3-5 illik vergidən azad edirdilər. Düşünürəm ki, belə bir qanunun bizdə də tətbiqi elektron ticarətin sürətlə inkişafına gətirib çaxaracaq”.
Əfsuslar olsun ki, Azərbaycanda vətəndaşların bir çoxu öz şəxsi mənafeyini əsas tutaraq dövlətin maraqlarına zidd olsa da daha ucuz mal almağa hazırdır. Bununla yanaşı, ölkəyə rəsmi idxal olunan “malları bahalaşdıranların” tənqidi də az deyildir. Lakin qeyd etmək lazımdır ki, hətta Qərb ölkələrində idxal zamanı rüsum tutulur. Məsələn, Böyük Britaniya, İtaliya, Almaniya və yaxud digər ölkənin vətəndaşı xarici internet-mağazadan mal alarsa rüsum ödəməlidir.
Bu ölkələrin qanunlarına aparıcı onlayn-mağazalar da riayət edir. Məsələn, Amazon.com ABŞ bölməsinə girərək Fransaya mobil telefon sifariş edilən zaman, Amazon.com son qiymətdə idxal rüsumunu da göstərir və bu rüsum malın ödənişini onlayn edən zaman tutulur. Təəssüflər olsun ki, Azərbaycan istehlakçıları bu tip xarici internet-mağazalardan mal alarsa, ölkəmizin mənafeyi nəzərə alınmır. Bu istiqamətdə tənzimlənmə zəruridir.
Maraqlıdır ki, xaricdən onlayn sifariş edən istehlakçılar üçün də təhlükələr mövcuddur. Belə ki, keyfiyyətsiz, yaxud təminat dövründə sıradan çıxmış malı xarici internet-mağazaya, ya da xaricdəki servis mərkəzinə qaytarmaq demək olar ki, mümkün deyil. Çünki bir çox e-ticarət platformaları rəsmi olaraq Azərbaycana mal idxal etmir – bu funksiyanı öz boynuna ara poçt şirkətləri götürüb və onlar da təminata cavab vermir. Əgər bu mümkün olarsa belə poçt xidmətinə çəkilən xərc, gözləmə müddəti böyük narahatlıq yarada bilər.
Avropa təcrübəsinə əsaslanaraq elektron ticarətin və idxal prosedurunun yeni qaydalar üzrə qurulması Azərbaycana öz iqtisadi maraqlarını qorumağa, yerli ticarət subyektlərinə inkişaf etməyə, istehlakçılara isə daha yaxşı xidmətə davamlı dəstək olacaqdır.