Son bir neçə ayda Azərbaycanda manat qıtlığı problemi daha da qabarmağa başlayıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, iqtisadçılar bu problemlə bağlı fikirlərini bölüşüb.
“Manat bazasının məhdudlaşdırılması qısamüddətli olmalıdır”
İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın depozit hərracları manat bazasını qısamüddətli olsa belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. Onun sözlərinə görə, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə alsaq, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb.
Nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısamüddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır. Yəni, Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələr təşviq edilə bilsin.
“Dollar alanların sayı azalıb”
İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, dollar alış-verişində ikinci valyuta da var və o, manatdır. İstənilən əmtəənin sayı azalanda, qiyməti qalxmalıdır. Milli valyuta azaldığı üçün dollar ucuzlaşır. Son vaxtlar görürük ki, Mərkəzi Bank depozit auksionları keçirir. Yəni, banklarda olan vəsaitləri də əmanətə cəlb edir, banklara 14 faizlik gəlir verir.
Banklar devalvasiya və böhrandan qorxduqları üçün o pulu kredit şəklində sahibkar və vətəndaşlara vermirlər. Yəni, Mərkəzi Bankın buraxdığı vəsaitlərin, azalan vəsaitlərin də xeyli hissəsi elə Mərkəzi Bankdadır. Dollar alanların sayının azalması da elə manat qıtlığı ilə bağlıdır. Digər bir məsələ isə odur ki, son illərdə dollar ehtiyatı toplayanlara hansısa məhsulu almaq üçün manat lazım olur və o, dollarları dəyişməlidir.
“Manatla bağlı “qızıl tarazlıq” yaradılmalıdır”
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, hazırda iki hədəfə - məzənnə və inflyasiya hədəfinə nail olmağa cəhd göstərilir. Bunun üçün birmənalı olaraq manat kütləsini məhdudlaşdırmaq, kreditləri dayandırmaq, pul əlçatanlığını aşağı salmaq doğru deyil.
O, manatla bağlı “qızıl tarazlığ”ın yaradılmasına ehtiyac olduğunu bildirib: “İqtisadiyyatda hər bir məsələdə “qızıl tarazlığa” riayət olunmalıdır. Hökumət bütün məsələlərdə bunu tapmağa cəhd göstərməlidir. Düşünürəm ki, manat kütləsini indiki kimi məhdudlaşdırmaq, birmənalı şəkildə biznesi boğmaq düzgün deyil”.
Ekspert bununla belə hesab edir ki, prosesi həddən artıq yumşaldaraq, yumşaq pul siyasəti həyata keçirib inflyasiya və məzənnəni nəzarət olunmayan səviyyəyə məruz qoymaq da arzuolunan deyil:
“Təəssüf doğuran məqam odur ki, Azərbaycanda real iqtisadiyyat o qədər zəifdir ki, yəni real iqtisadiyyata manat kütləsinin genişləndirilməsindən başqa adekvat reaksiya gəlmir. Bu da digər mənfi faktorları neytrallaşdırılmasında kifayət etmir”.
U.A.
www.oxu.az