Bu gün gecə saatlarında “Azərenerji” ASC-nin Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də baş verən qəza Naxçıvan istisna olmaqla, ölkənin digər iqtisadi ərazilərinin elektrik enerjisiz qalmasına gətirib-çıxardı. Zəncirvari olaraq digər kommunal xidmətlərin də təhcizatında fasilələr yarandı.
Rəsmi açıqlamaya görə, qəzaya səbəb ölkə ərazisində temperaturun yüksək olması və elektrik enerjisinə olan tələbatın kəskin artmasıdır. Hansı ki bunun nəticəsində elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.
“Azərbaycan” İES istismar müddətini başa vurub
Qeyd edək ki, Mingəçevirdə yerləşən “Azərbaycan” İES 1981-ci ildə istifadəyə verilib. Stansiya 2400 MVt gücündədir. Cənubi Qafqazda ən iri elektrik stansiyası olan İES qazla işləyir, lakin mazutla istifadəyə keçmə rejimi də var.
Stansiya hər birinin gücü 300 meqavatt olan səkkiz blokdan ibarətdir. Hazırda respublikamızda istehsal edilən elektrik enerjisinin 36 faizə qədəri (bəzi mənbələrdə 50 faizi) bu stansiyanın payına düşür.

Rəsmi hesabatlarda göstərilir ki, 2007-ci ildən başlayaq müxtəlif illərdə İES bloklarında təmir işləri aparılıb. Müvafiq qurum rəhbərliyinin mətbuatdakı açıqlamalarına əsaslansaq, görülmüş tərdbirlər nəticəsində bu İES ən ekstremal təbii şəraitdə, yüklənmədə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək gücündə olmalıdır.
Lakin təcrübə göstərdi ki, elektrik avadanlıqları iki gün temperaturun normadan yüksək olması nəticəsində yaranan yüklənmələrə tab gətirmədi. Önəmlisi də odur ki, qəzanın baş verdiyi İES 1-ci və 6-cı enerji bloku (bu bloklar enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür) təmir edilib.

Daha bir məqam, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur ki, təbii qazla işləyən stansiyaların orta istismar müddətləri başa çatıb.
Yəni bu stansiyaların istismar müddəti 25 il olsa da, yaşları 30-u keçib. Qəzanın baş verdiyi “Azərbaycan” İES 37 ildir fəaliyyət göstərir. Buna görə də stansiyanın istehsal gücünün təqribən üçdə birindən istifadə edilir.
“Azərbaycan” İES-in istehsal gücünün ildən-ilə artırılması yönündə rəqəmlər də diqqət çəkir. Rəsmi məlumatlara görə, 2017-ci ilin doqquz ayında İES 6 milyard 286,4 milyon kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
Bu da 2016-cı ilin eyni dövründəki göstəricidən 1 milyard 547,3 mln. kVt/saat artıqdır. Bu rəqəmlərə əsaslansaq, 40 faizdən artıq yüklənmə (http://www.azerenerji.gov.az/index/page/1470/1/) İES üçün partlayışla nəticələnməməli idi.
Başqa tərəfdən, isti hava şəraiti ötən illərə nisbətən 2-3 faiz artıb. Ekspertlər hesab edir ki, bizdə elektrik enerjisinin generasiya güclərində böyük ehtiyatlar var. İstiliyin 2-3 faiz artması açılmalara səbəb ola bilməz.
“Azərenerji”nin maliyyə imkanları
“Azərenerji” ASC büdcənin ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 1998-2017-ci illər ərzində (20 il ərzində) ölkəmizdə elektrik enerjisinin istehsalı, ötürülməsi və bölüşdürülməsi sahəsinə 6,66 milyard manatlıq sərmayə qoyulub. Bunun 6.1 milyardı 2005-ci ildən sonrakı dövrə təsadüf edib. Eləcə də, ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kredit cəlb edib.
“Fitch” agentliyinin hesabatına görə, bu rəqəm 2015-ci ilin sonuna 2,4 milyard manata yüksəlib.
Cəmiyyətin 2017-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş Maliyyə Hesabatlarında göstərilir ki, hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur.
Bu maliyyə vəsaitlərində İES-lərin təmirinə, texniki avadanlıqların yenilənməsinə sərf olunan xərclərin də payı var.
Keyfiyyət - kəmiyyət paradoksu
2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu, o deməkdir ki, ölkə sakinləri işlətdikləri işığın pulunu artıqlaması ilə ödəyiblər. Qurum enerji satışından əldə etdiyi gəlirini 25.2 faiz artırıb. Amma bunun müqabilində abonentlərə keyfiyyətli xidmət təklif edibmi?

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, kommunal xidmətlərin satışının idarəetməyə verilməsinə ehtiyac var:
“Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda kommunal sistem sahəsində mühüm islahatlara ehtiyac var. Belə ki, indiki halda kommunal sektorun müxtəlif sahələrinə cavabdeh olan qurumlar işlərinin öhdəsindən elə də səmərəli və keyfiyyətli şəkildə gələ bilmir.
Xüsusən qış aylarında həmin sahələrə tələbat xeyli artır. Amma buna baxmayaraq, təminat sahəsində ciddi irəliləyişlər gözə çarpmır”.
V.Bayramov deyir ki, enerji satışı idarəetməyə verilərsə, daha keyfiyyətli xidmət həyata keçirilər:
“Bu, dövlət vəsaitlərinə qənaət edilməsi baxımdan da vacibdir. Kommunal xidmətlər subsidiya alan sektordur. Bu sektora birbaşa və dolayı subsidiyalar edilir.
2013-2016-cı illərdə komunal xidmətlər göstərən qurumların cəlb etdikləri kreditlərin həcmində artımlar var. Bu sahənin idarəetməyə verilməsi kreditlərin həcminin azaldılması baxımından da vacibdir.
Başqa tərəfdən, kommunal xidmətlərin özəl sektora verilməsi sahənin modernləşdirilməsi, yeni texnologiyaların, innovasiyaların cəlbi baxımından vacibdir. Xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, şirkətlərin prosesə cəlbi yeni texnologiyanın transferinə imkan yaradır.

Onlar yeni texnologiyadan istifadə etməklə yeni sistem qururlar. Son hadisə göstərdi ki, kommunal xidmətlərin idarəetməsində dövlətdən özəl idarəetməyə keçidə ehtiyac var”.
Leyla Əliyeva
www.oxu.az