"Hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan Süni intellektin çox sayda təhlükə üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel müzakirədə deyib.
O bildirib ki, əlavə 30 iqlim stansiyasının quraşdırılması planlaşdırılır:
"Bizim üçün erkən xəbərdarlıq ayrıca texnoloji layihə deyil. Bu istiqamət milli aqrar inkişaf siyasətimizin tərkib hissəsinə çevrilir. Eyni zamanda, bu keçidi dəstəkləmək üçün zəruri rəqəmsal imkanları formalaşdırırıq. Nazirliyin aqrar sahədə süni intellekt proqramı iqlim stansiyalarından daxil olan məlumatlar, peyk və məsafədən zondlama müşahidələri, dronlar, sahə məlumatları, torpaq analizləri, sensorlar və kənd təsərrüfatı texnikalarından əldə edilən məlumatlar kimi müxtəlif mənbələri bir araya gətirərək aqrar monitorinqin və qərar qəbuletmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Əlavə stansiyaların quraşdırılması nəticəsində şəbəkədəki stansiyaların ümumi sayı 181-ə çatdırılacaq. Lakin məlumat yalnız fermer üçün konkret xidmətə və faydaya çevrildiyi zaman real dəyər yaradır. Məhz buna görə süni intellekt proqramımız bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarəolunması kimi praktik tətbiqləri əhatə edir".