ABŞ-də sualtı qayıqların inşasını sürətləndirmək üçün lazımi istehsal gücləri çatışmır.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" ABŞ dövlət auditi sənədlərinin təhlilinə əsasən məlumat yayıb.
Məlumata görə, gəmiqayırma zavodlarının həddindən artıq yüklənməsi və quru dokların qıtlığı sualtı gəmilərin uzun müddət hərəkətsiz qalmasına səbəb olub.
Sənəddə vurğulanır ki, son 10 ildə ABŞ Hərbi Dəniz Qüvvələri təmirlərin gecikməsi və aktiv çoxməqsədli sualtı qayıqların boş dayanması səbəbindən 15 min gündən çox istismar vaxtını itirib. Bu vəziyyət təqribən 3.4 milyard dollarlıq əlavə xərcə yol açıb.
Qeyd edilir ki, 2016-cı ildən 2025-ci maliyyə ilinədək ABŞ tərsanələri çoxməqsədli sualtı qayıqların əsaslı təmir işlərinin yalnız 11 faizə yaxınını vaxtında yekunlaşdıra bilib. Xidmət müddətini bitirmiş sualtı qayıqlar daha bir ciddi problemə çevrilib. Tamamilə istismardan çıxarılmazdan əvvəl onların reaktorlarındakı nüvə yanacağı boşaldılmalıdır. Ancaq bu proses üçün boş quru dok lazımdır, tərsanələrdə isə kifayət qədər yer yoxdur.