Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü iqlim fəaliyyətinin müxtəlif sahələrdə sürətləndirilməsi və iqlim öhdəliklərinin konkret nəticələrə çevrilməsi məsələlərinə həsr olunub. Dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, maliyyə institutları, özəl sektorun nümayəndələri, ekspertlər, akademik dairələr və gənclər iqlim dəyişmələrinin yaratdığı çağırışlara cavab verən innovativ həlləri, investisiya imkanlarını və yeni əməkdaşlıq formatlarını müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, Xəzər dənizinin gələcəyi və iqlim dəyişmələrinin onun ekosistemlərinə, sahilyanı ərazilərə və burada yaşayan icmalara təsiri günün əsas müzakirə mövzularından olub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadıq Qurbanov, Türkiyə Böyük Millət Məclisinin deputatı və Ətraf mühit komitəsinin sədri Mehmet Galip Ensarioğlu, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) direktoru Simonetta Siligato və digər ekspertlərin iştirakı ilə keçirilən sessiyada Xəzər dənizində su səviyyəsinin dəyişməsinin ekosistemlər, sahilyanı icmalar, şəhərlər, infrastruktur, nəqliyyat və iqtisadi fəaliyyətə mümkün təsirləri təhlil edilib. Bu təsirlərin effektiv idarə olunması üçün elmi biliklərin dövlət siyasəti və investisiya qərarları ilə uzlaşdırılması, milli və yerli səviyyələrdə tədbirlərin regional yanaşmalarla əlaqələndirilməsi, eləcə də Xəzəryanı ölkələr arasında məlumat və təcrübə mübadiləsinin və regional əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
İqlim risklərinin erkən müəyyənləşdirilməsi və onların təsirlərinin azaldılmasında yeni nəsil erkən xəbərdarlıq sistemlərinin imkanları da geniş şəkildə nəzərdən keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov və Türkiyə Meteorologiya Xidmətinin direktoru Volkan Mutlu Coşqunun iştirakı ilə keçirilən sessiyada süni intellektin müxtəlif təhlükələr üzrə erkən xəbərdarlıq mexanizmlərinə inteqrasiyasının yaratdığı imkanlar və potensial məhdudiyyətlər müzakirə olunub. Sessiyada məlumatların əlçatanlığı və keyfiyyəti, kibertəhlükəsizlik, süni intellekt əsaslı texnologiyaların dəyişən iqlim şəraitində etibarlılığı, həmçinin inkişaf etməkdə olan ölkələrin texniki imkanlarının genişləndirilməsi kimi məsələlər ön plana çıxıb. Yeni texnologiyaların iqlim risklərinin daha dəqiq proqnozlaşdırılması və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində mühüm rol oynaya biləcəyi qeyd edilib.
İqlimədavamlı kənd təsərrüfatının inkişafında innovasiya və tərəfdaşlıqların rolu da proqramın mühüm istiqamətlərindən birini təşkil edib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə keçirilən müzakirələrdə süni intellekt və məlumat əsaslı həllərin fermerlərə dəstək göstərmək və onların iqlim dəyişmələrinə uyğunlaşma imkanlarını genişləndirmək baxımından rolu diqqətə çatdırılıb. Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə hazırladığı süni intellekt əsaslı Fermer Qiymətləndirmə Sistemi də iştirakçılara təqdim olunub.
Rəqəmsallaşmanın yaşıl inkişaf və iqlim fəaliyyətinə töhfəsi də ayrıca müzakirə mövzusu olub. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, COP29-un İqlim Dəyişmələri üzrə yüksəksəviyyəli çempionu və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Dünya İqlim Fondunun təsisçisi və baş icraçı direktoru Yens Nilsen, eləcə də özəl sektor və texnologiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən sessiyada rəqəmsal infrastrukturun iqlim dayanıqlılığının və enerji səmərəliliyinin artırılmasında rolu diqqətə çatdırılıb.
Digər bir sessiyada şəhərlərin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsi və bu istiqamətdə praktiki addımların müəyyənləşdirilməsi diqqət mərkəzində olub. WUF13-ün Bakıda keçirilməsindən sonra təşkil olunan müzakirədə forumun nəticələrinin COP31-ə qədər konkret prioritet və öhdəliklərə çevrilməsi, eləcə də "Baku Call to Action"ın həyata keçirilməsi üçün qarşıda duran vəzifələr nəzərdən keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər beynəlxalq qurumların nümayəndələri şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, dayanıqlı infrastrukturun inkişafı, iqlim maliyyəsinə çıxışın genişləndirilməsi və məlumat əsaslı şəhər planlaşdırılması üzrə yanaşmaları bölüşüblər.
İkinci günün proqramı çərçivəsində gənclərin təşəbbüsü ilə iki dəyirmi masa da təşkil olunub. Müzakirələrdə iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi, COP31-ə gedən yolda gənclərin rolu və süni intellektin iqlim həllərində yaratdığı imkanlar diqqət mərkəzində olub. Görüşlər yeni ideyaların, innovativ həllərin və praktiki təşəbbüslərin formalaşdırılmasında gənclərin fəal tərəfdaş kimi rolunu önə çıxarıb.
İqlim fəaliyyətinin müxtəlif istiqamətləri əhatə edən geniş gündəliyi proqramın yaradıcı sahələrə həsr olunan hissəsində də öz əksini tapıb. "Dayanıqlı Moda" tədbiri çərçivəsində keçirilən dəyirmi masa və nümayiş zamanı moda sektorunda məsuliyyətli istehsal və istehlak modellərinə keçidin əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində iqlim fəaliyyətinin enerji, kənd təsərrüfatı və infrastruktur kimi əsas sahələrlə yanaşı, yaradıcılıq, dizayn və istehlak mədəniyyəti kimi istiqamətləri də əhatə etdiyi, bu sahələrdə dayanıqlı yanaşmaların təşviqinin vacibliyi diqqətə çatdırılıb.
Beləliklə, BİFH-nin ikinci günü iqlim fəaliyyətinin sektorlararası əməkdaşlıq, texnoloji innovasiya və konkret icra mexanizmləri ilə dəstəklənən genişmiqyaslı gündəliyə çevrildiyini bir daha nümayiş etdirib. Bu proqram Azərbaycanın COP31-ə gedən yolda fəal rolunu və qlobal iqlim gündəliyinə verdiyi töhfəni önə çıxararaq, beynəlxalq iqlim dialoqunun davam etdirilməsini, əməkdaşlığın gücləndirilməsini və konkret iqlim təşəbbüslərinin irəli aparılmasını təşviq edib.