Bir neçə gündür ciddi müzakirələrə səbəb olan Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliklərin pandemiya dövrünə təsadüf etməsi, dünya ölkələrinin praktikasında geniş yayılmayan şəxsi istifadə üçün ölkəyə gətirilən malların limitinin 2-3 dəfəyə qədər azaldılması müsbət qarşılanmayıb. Bu dəyişikliklərin elektron ticarəti iflic edəcəyi istiqamətində proqnozlar da verilir.
Bəs görəsən əslində bu dəyişikliklərə ehtiyac var idi? Dəyişikliklər zamanı vətəndaşların maraqları nə qədər gözlənilib?
Bununla bağlı iqtisadçı ekspert Ruslan Atakişiyev Oxu.Az-a bildirib ki, dəyişikliklərin pandemiya dövründə qəbul edilməsi o qədər də uğurlu addım deyil:
“Koronavirus pandemiyasının geniş vüsət alması dünyada xüsusilə biznes üçün yeni çağırışlar ortaya qoydu. Bu ondan ibarətdir ki, biznes artıq onlayn həyata keçirilir. Bu zaman istehsalçı və istehlakçı arasında birbaşa əlaqəyə üstünlük verilir. İyun aylarında bu barədə bir çox çıxışlarda vurğulanırdı ki, istehlakçının xarici şirkətlərlə birbaşa əlaqə yaratması yerli şirkətlərin fəaliyyətinə ziyan vura bilər. Bu səbəbdən onlayn satışda iki mövqe yaranır - istehlakçı (xalq) və dövlət. Təbii ki, vətəndaş alıcı qismində, dövlət isə tənzimləyici mövqedə çıxış edir”.
R.Atakişiyev onu da əlavə edib ki, dünyada böyük istehsalçı ölkələr elektron ticarətin inkişafına maraqlı olduqları üçün bu sahədə həyata keçirilən əməliyyatlara gömrük və vergi rüsumu tətbiq etmirlər:
“Təbii ki, məqsəd əhalinin mal alması və satış əhatəsinin genişlənməsidir. Amma idxalçı olan ölkələr daxili bazarı qoruma siyasətini yeridirlər. Bu məqsədlə də ölkə ərazisində satılan məhsulları bu və ya digər şəkildə vergi, eləcə də gömrük rüsumlarına cəlb edirlər. Belə bir vəziyyəti nəzərə alsaq, statistik məlumatlara da baxsaq, görərik ki, son dövrlərdə əhalinin alış səviyyəsi artıb.
Bu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektorunda 2 milyard dollara yaxın ixrac olub, halbuki idxal bu göstəricidən iki dəfə çoxdur. Ölkənin ticarət balansının müsbət saldosuna neft sektorunun ixracı hesabına nail olunur. Bu gün dövlət proteksionizm siyasətini həyata keçirir. Dövlət Gömrük Komitəsi də bu dəyişikliklərlə xaricdən gələn məhsulları vergiyə cəlb edərək dövlət büdcəsini doldurmağa çalışır”.
“Bunun istehlakçı, alıcı tərəfindən mənfi cəhəti ondan ibarətdir ki, həmin məhsullara rüsum tətbiq edildiyi üçün əvvəlki qaydada alış-veriş edə bilməyəcək. Müəyyən olunan limit səviyyəsini keçdiyi təqdirdə 18-36 faiz rüsum və vergi verməli olacaq. Bu da onlara baha başa gələcək. Ikinci məqam isə həmin məhsulu daxili bazardan alan zaman internetdəki qiymətindən ən azı iki dəfə baha qiymətə təklif olunmasıdır. Dəyişikliklər birmənalı olaraq istehlakçının xərcini artırır. Məsələn, mən internetdə 300 manat dəyərində telefonu daxili bazarda iki qat baha qiymətə almalı olacağam. Burada mütləq ortaq məxrəc tapılmalıdır, çünki bu məsələ insanların alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Eyni məhsul daxili bazarda vətəndaşa sərf eləsə idi alardı, birbaşa xarici bazara üz tutmazdı. Komitə vətəndaşı yox, özünün büdcə qarşısında öhdəliklərini düşünür”, - deyə ekspert bildirib.
R.Atakişiyev bütün hallarda qlobal iqtisadiyyata qoşulmanın qaçılmaz olduğunu vurğulayaraq bu qərara edilən dəyişikliklərin yenidən gözdən keçirilməli olduğunu deyir:
“İqtisadi şərtlərin daha da dəyişdiyi bir dövrə gedirik. İqtisadi nəzəriyyə baxımından rəqabət mühiti yaranmalıdır. Daxili bazarda müəyyən mənada əyləci basa-basa, qadağalar qoymaqla biz heç nə udmuruq. Proteksionizm siyasəti ilə daxili bazardakı şirkətləri qorumaqla onları gücləndirmirik. Onların meydanda qalmasına kömək edirik. Lakin bu gələcəkdə bizim özümüzə ziyan olacaq.
Dünya praktikasında proteksionizm siyasəti hansısa məhsula görə və ya hər hansı xüsusi səbəbdən həyata keçirilir. Məsələn, əgər xaricdən alınan məhsul ölkə daxilində də istehsal edilirsə, onun idxalı bir qədər məhdudlaşdırılır. Amma bir ölkə daxildə istehsal edilməyən məhsulun idxalının bu qədər məhdudlaşdırılması nə deməkdir? Hansı tərəfdən şərh edilməsindən asılı olmayaraq dəyişikliklərin əsasında idxal edilən məhsullardan dövlət büdcəsinə gömrük rüsumunun daxil olması durur. Lakin təəssüf ki, dövlət büdcəsi dolacaq deyə, vətəndaşlar əziyyət çəkəcək”.