2015-ci ilin mart ayında kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə kirayə mənzillərin qiymətlərinin enməsi ilə nəticələnib.
AZN ilə ifadədə qiymət 665 AZN/mənzil-dən -4% azalaraq 639 AZN/mənzil təşkil edib. Baş verən devalvasiya səbəbindən isə USD ilə ifadədə qiymət -28% azalaraq 848 dollar/mənzil-dən 609 dollar/mənzil dəyərində qərarlaşıb.
Bu barədə Oxu.Az-a “MBA Ltd.” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

Nüsrət İbrahimov bildirir ki, bazarda əməliyyatların sayı isə 112-dən -5.0% azalaraq 106 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı manatla 5.0% artaraq 8.8 AZN/kv.m-dən 9.3 AZN/kv.m, USD ilə isə -21.53% isə 11.24 dollar/kv.m-dən 8.82 dollar/kv.m-ə düşüb.
Kirayə mənzil bazarında mart ayında bazara təklif edilən mənzillərin orta otaq və orta sahə göstəriciləri azaldığı halda qiymətlərin manatla ifadədə nisbətən qalxması fevral ayında baş verən məzənnə dəyişməsi ilə izah edilir.
“Araşdırmaların aparıldığı son ayda tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı -7.6%, ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı isə ötən fevral ayına nisbətdə -11.8% azalıb. Orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərinin sayında isə 7.6 % artım qeydə alınıb” - deyə, şirkətin direktoru bildirib.
Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimi olub:

Onun sözlərinə görə, kirayə mənzil bazarında aktivlik azaldığına görə, təklif də azalıb:
“Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olmuş, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib. Ümumilikdə son ayda kirayə mənzil bazarında təklifin həcmi -6% azalaraq 261 mənzil təşkil edib. Aktivliyin azalması nəticəsində təklif portfelinin də azalmasını normal qəbul etmək olar”.
Nüsrət İbrahimov qeyd edir ki, kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malikdir:

Ülviyyə R. Əli
www.oxu.az