"Karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyillərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin, karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək.
"Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm halqasıdır və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət Vergi Xidməti ekoloji və "yaşıl" vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır", - deyə nazir qeyd edib.
Məhərrəm Əliyev