Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsinə başlanılır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanuna görə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 milyard 601 milyon 576 min manat, yerli gəlirləri 782 milyon 424 min manat və mərkəzləşdirilmiş xərcləri 18 milyard 433 milyon 551 min manat, yerli xərcləri 1 milyard 629 milyon 449 min manat) məbləğində nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri isə 2 milyard 928 milyon 452 min manat, xərcləri 2 milyard 928 milyon 452 min manat məbləğində nəzərdə tutulur. Fonda dövlət büdcəsindən 1 milyard 142 milyon 33 min 600 manat ayırmalar (transfert) olacaqdır. Həmçinin bu il Fondun gəlirlərini təmin etmək üçün 1 milyard 780 milyon 418 min 400 manat məcburi dövlət sosial sığorta haqlarının yığılması qarşıya hədəf qoyulur.
2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilməsi, eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilməsi nəzərdə tutulur.
Qanun layihələri, Milli Məclisin 2013-cü il noyabrın 12, 13, 14 və 15-də keçiriləcək iclaslarında müzakirə ediləcəkdir.