Oxu.Az iş adamı, marketoloq Müşviq Hüseynov ilə müsahibəni təqdim edir.
- Siz bu gün hansısa bir şirkətin, belə desək, əsas əməkdaşlarından birisiniz, qayıdaq bir neçə il əvvəlki fəaliyyətinizə... Bu haqda danışardınız?
- Bakı şəhərində 1983-cü ildə doğulmuşam və burada böyümüşəm. 283 saylı məktəbdə oxumuşam. 2000-2006-cı illərdə Azərbaycan İqtisad Universitetində ali təhsil almışam və fəaliyyətimi də marketinq üzərində qurmuşam – buna görə də çox xoşbəxtəm. Bir neçə il əvvəl “Embawood”da brend menecer vəzifəsindən marketinq direktoru vəzifəsinə qədər çalışmışam.

- O dövrün uşaqlığı ilə indiki dövr arasında müqayisə aparsaq, böyük fərq görərik. Sizcə bu fərqliliyi şərtləndirən səbəb nədir?
- Gündən-günə hər şey dəyişir, inkişaf edir. Bizim uşaqlığımız 1990-cı illərə təsadüf edib. O vaxtın uşaqları üçün əsas əyləncəli oyunlar “Kazaki razboyniki”, “Gizlən qaç” oyunları idi. Bizim o zaman uşaqlığımız hansısa kompüterdə oyun oynamaqla keçmirdi. 90-cı illərin sonunda “nintendo dendi sega” oyunu bazara girdi. Təbii ki, mövcud əyləncə sənayesində rəqabət artdı və oturaq əyləncə bu seqmentdə önə keçdi.
Uşaq vaxtı biz çox hərəkətli idik. Mobil vasitə olmadığından çox intizamlı idik. Görüş yerinin vaxtını dəyişmirdik. Yaşadığımız ərazidə xüsusi yerlər var idi, orda futbol, güləş və s. fiziki hərəkətə meyilli oyunlar oynayırdıq. 2000-ci illərin əvvəllərində kinqboksa bir az həvəsim oldu və 3-4 ay idman zalına getdim. Xüsusən dama oyununa marağım olmuşdu. Bir sıra turnirlərdə bu idman növü üzrə dəfələrlə qalib olmuşam. Düşünürəm ki, bu, mənim gələcək taleyimi və xarakterimi təyin etdi.
Uğurlu oyunçu olmağıma baxmayaraq, dama idmanı ilə professional məşğul ola bilərdim. Qarşıma seçim qoydum və seçimimi etdim. Təhsilə üstünlük verdim. Bizim üçün ailədə oxumaq mütləq idi. Başqa variant ağlımızdan belə keçmirdi. Çünki atam mühəndis, anam isə oxuduğum məktəbdə müəllimə idi. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum.

- Hər kəs çalışmaq istəyir, amma əksəriyyət maraqlanmır ki, nə işlə məşğul ola bilərəm...
- Əlbəttə, hər addımın bir səbəbi olur - obyektiv və ya subyektiv. Məncə, hər kəs özünü tapmalıdır. Özünü bilməli və tanımalıdır. Özünü dərk edən kəs 100% uğur qazanır. Dedikləriniz – dreyflər, yerdəyişmələr hamısı normaldı, kiməsə özünü 5-10 ilə, kimsə isə özünü, ümumiyyətlə, tapa bilmir – bir seqmentdən digər seqmentə atlanır. Ən vacib 3 şeydir - çalışmaq, sevgi, məqsədyönlülük. Anlamaq lazımdır ki, hərənin yükü özü üçün ağırdır.
Bizim iş ilk növbədə ünsiyyətcil olmağı tələb edir. Mən marketinq direktoru, departament direktoru və s. kimi işlərdə çalışmışam, bu işdə də ilk olaraq ünsiyyətcillik tələb edir – “networking” mütləq lazımdır. Nəticə “orientted” olmaq lazımdır.
- Şirkətinizin başqa şirkətlərlə rəqabəti varmı və necə bilirsiniz, bu lazımdırmı? Hərdən sağlam rəqabətlə qeyri-sağlam rəqabəti qarışdırırlar, buna münasibətiniz?
- Baxın ispanlar (ispan klubları) ardıcıl UEFA çempionlar liqasinda qalib olur. Sizcə nəyə görə? Çünki orda rəqabət var. Çünki o sahəyə maraq var, inkişafa, investisiyaya maraq var. İspaniyada “Real”, “Barselona”, “Atletiko” və s. kimi klublar rəqabət olmasaydı, bu gün heç biri uğur qazana bilməzdilər. Mütləq gərək öz qabında bişəsən, püxtələşəsən. Barselonanı “Barselona” edən “Real” olub və tərsinə. “Apple” brendinin satışının artmasında “Samsung” brendinin müstəsna rolu olmuşdur.

Rəqabət cəlb edir, rəqabət itiləşdirir, rəqabət bərkidir. Azərbaycan bazarında bizə rəqib olan şirkətlərin olmasına görə çox şadam. Bu şirkətlər bizimlə hər gün sparinqə (döyüşə- mücadiləyə) çıxır və bununla da bizə əvəzsiz xidmət göstərmiş olurlar. 21-ci əsrdə daim öz üzərində işləməlisən. Mücadilə etmədən, axı necə inkişaf etmək olar?
Sağlam rəqabət sağlam struktur, sağlam idarəetmə yaradır. Qeyri-sağlam rəqabət isə içəridən çürüdən bir xəstəlikdir. Üstən görünmür – diqanoz isə xərçəng göstərir.
– Bu gün uğurlu idmançı, uğurlu iş adamı ola bilər?
- Belə deyək, uğurlu iş adamı üçün idman ruhu mütləqdir. İdman ruhu rəqibə hörmət etməyi tələb edir. İdman ruhu inadkar olmağı, hər əziyyətin, hər axmış tərin müqabilində uğur qazanacağı sözünü verir.
Amma tərsinə gedəndə iş adamı üçün bir sıra xüsusiyyətlər var ki, bəzi idmançılarda olmur – misal üçün, iş adamı rasional düşünməyi bacarmalıdır. Praqmatik olmalıdır. Riyaziyyatı, hüquqi, psixoloji bilikləri, dünyagörüşü, ünsiyyət qabilliyəti, idarəetmə qabiliyyəti, vizion yönlülük və sair xüsusiyyətləri olmalıdır.
– Azərbaycan ilə Avropa müştərisi arasında fərq nədir?
- Avropa müştərisi detalı ilə araşdırmağı xoşlayır. Azərbaycan müştərisi isə deyil – o daha çox ümümi qiymət verir. Avropa müştərisi üçün 1 faktor qərar verməyə kifayət edə bilər. Amma Azərbaycan müştərisinə isə mütləq mənada 2-3 faktor təsir etməlidir. “Həm-həm” anlayışı əsasən Azərbaycan müştərisinə aiddir.
Avropa müştərisi məhsulları supermarketdən alsa belə, dəfələrlə yoxlayır, öyrənir, daha sonra həmin brendə loyal müştəri olur. Azərbaycan müştəsinin isə brendə loyallığa o qədər də yüksək deyil. Çünki brendə loyallıq bir növ ehtiyacdır. Bir tərəfdən brendlər verdikləri sözü tutmalıdırlar ki, onlara loyallıq yaransın, digər tərəfdən cəmiyyət bu istiqamətdə artıq irəliləyir. Buna görə də əgər məhsul supermarketdə təmiz, gözəl yerləşdirilibsə, bu əksər hallarda kifayət edir ki, məhsulun keyfiyyətinə şübhə etməsinlər.
– Bəlkə bizim müştərilər məhsulu araşdırmır, səbəb ondadır?
- Əslində müştəri bunu araşdırmalıdır. Araşdırandan sonra onda bu məhsula inam – loyallıq yaranar. Növbəti dəfə marketə girəndə alış üçün daha az vaxt xərcləyəcək, daha tez alış-verişini edəcək. Bu, müştərinin özünə vacibdir. Araşdırma əksər hallarda yeni məhsullar seqmentində çox olur. Amma təkrar – gündəlik tələbat mallarında 1-2 dəfə araşdırma etdikdən sonra artıq bu və ya digər məhsulun alıcısı olub-olmayacağını özün üçün müəyyən edirsən.

– Bəlkə də bütün dünya belə qəbul edir ki, futbolu sevməyən kişi olmaz! Siz necə?
- Sualı elə qoydunuz ki, istər-istəməz mən də futbolu sevirəm deməyim gəldi (gülür). Futbol çox maraqlı oyundur. Baxmağı xoşlayıram, amma fanat deyiləm. İmkan olduqca “Qəbələ”, “Qarabağ”, “Qalatasaray”, “Arsenal”ın oyunlarını izləyirəm.
– Oyundankənar, yəni işdən sonra nə ilə məşğul olmağı sevirsiniz?
- Mütaliyəni sevirəm, “Marketinq”, “Strategy marketing”, İdrak, Müştəri qavramı, Müştəri davranışları və s. istiqamətlərdə oxuyuram. Ailəmlə, dostlarla vaxt keçirməyi xoşlayıram.
– Müştəri üçün ilk olaraq nə maraqlıdır?
- Müştəri tənbəldir. Müştərinin tənbəl olmağa ödədiyi pulla görə haqqı çatır. Buna görə rahatlığı xoşlayır. Ona görə alış-veriş mərkəzləri yaranıb. Müştəri məhsulu aldğı zaman əylənməyi də istəyir. İstəyir ki, aldığı məhsul ona əlavə olaraq ruh yüksəkliyi bəxş etsin.
Müştəri nəyə ehtiyacı olduğunu deyil, nə istədiyini alır. Çünki müştəri qərarları şüuraltı verir. Şüuraltı qərarlar ehtiyacdan çox istəyə yönəlir.
- Sizcə müştəri hər zaman haqlıdır?
- “Müştəri haqlıdır!” ifadəsi bazar iqtisadiyyatının ana prinsipidir. Əgər o müştəridirsə, 100% haqlıdır. Çünki haqqını ödəyib.
Nərmin Kazımova
www.oxu.az