Qazaxıstan prezidenti Nursultan Nazarbayev Nazirlər Kabinetini neftin aşağı qiymətlərini nəzərə almağa və artıq xərclərdən imtina etməyə çağırıb.
Prezident belə bir bəyanatla qazax iqtisadiyyatının artımının təmin olunması problemlərinin müzakirə olunduğu müşavirədə çıxış edib, Oxu.Az qazax KİV-ə istinadən xəbər verir.
Dövlət başçısı həmçinin qeyd edib ki, “neftin qiymətinin bir barelə görə 30-40 dollar səviyyəsində olacağına” uyğunlaşmaq lazımdır.
“Əvvəlki illərdə biz çox tikir, ştatı və əmək haqlarını artırırdıq... Lakin indi vəsait çatışmazlığı hiss olunur, və buna görə də, yeni layihələr üçün xərclər ciddi şəkildə gəlir bazasının genişlənmə imkanları ilə məhdudlaşdırılacaq”, - deyə, o, bildirib.
“2018-ci ilədək müxtəlif təşəbbüslərə moratorium qoymaq lazımdır. Bu, hazırkı reallıqdan doğan məcburi tədbirdir”, - deyə, dövlət başçısı əlavə edib.
Nazarbayev 2018-ci ilədək dövlət büdcəsinin kəsirini 1%-ə endirməyi tapşıraraq, kəsirin maliyyələşdirilməsinin yalnız daxili ehtiyatlar hesabına aparılmalı olduğunu vurğulayıb. Qazaxıstan prezidenti qeyd edib ki, rəqabət üstünlüklərinə malik olan əsas iqtisadi sahələrin dəstəklənməsinə əhəmiyyət verilməlidir.