2014-cü ildə baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26%-nin, həyatını dəyişənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı tikinti sektorunda hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”-deyə, nazir bildirib.
Nazir onu da əlavə edib ki, 2014-cü ildə həyata keçirilən dövlət nəzarəti zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin mövcud olduğu 12 tikinti sahəsində, mişar və dekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan 4 müəssisədə (daş karxanalarında) işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
Ülviyyə R. Əli
www.oxu.az