Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazirdən şad xəbər: Yeni pensiya artımı gözlənilir
2019-cu il ərzində Azərbaycanda pensiyaların minimum məbləği iki dəfə artıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, oktyabrın 1-dən əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb: “Ümumilikdə minimum pensiya artımı bu il 72% civarında olub. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə görə MDB məkanında birinci yerdədir. Son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib. Əlavə olaraq əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə pensiyaya çıxan 100 min vətəndaşın pensiyaları sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Pensiya sahəsində ikinci sosial paket 750 min vətəndaşı əhatə edib”.
Nazir bildirib ki, oktyabrın 1-dən etibarən yeni qanunvericilik aktı qüvvəyə minib: “Bu ayın sonuna qədər bütün pensiyaçılar öz pensiyalarını müvafiq artımla alacaqlar. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır. Bu il orta əmək haqqında 14-15% artımın olacağı gözlənilir. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq”.
Nazir ünvanlı sosial yardımla bağlı monitorinqlər davam etməsi barədə də danışıb: “Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin bu statusu ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”.
S.Babayev qeyd edib ki, bu gün Azərbaycanda 70 mindən çox ailəyə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir: “Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb, ünvanlı sosial yardımlar almaq üçün elektron müraciət edildikdən sonra həmin müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib. Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlkin nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslə bağlı tədbir görülüb. Amma bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Bu araşdırmanın nəticələri barədə ay ərzində əlavə məlumat veriləcək. Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət edərək demək istəyirəm ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur. Vətəndaşlar sadəcə diqqətlə bu müraciət formasını doldurmalıdırlar. Vətəndaşların hansısa şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur”.
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
- Sabiq xanım deputata vəzifə verildi