Yanvarın 26-da Nəqliyyat Nazirliyində Avropa İttifaqı-Azərbaycan enerji, nəqliyyat və ətraf mühit üzrə Alt Komitənin 10-cu iclası öz işinə başlayıb.
Oxu.Az-a Nazirlikdən verilən məlumata görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebelin başçılıq etdiyi nümayəndə heyətini Nəqliyyat nazirinin müavini Musa Pənahov salamlayıb.
Vurğulanıb ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.
Azərbaycan Aİ ilə əməkdaşlığın inkişaf etməsi istiqamətində Avropa Qonşuluq Siyasətinə və “Şərq Tərəfdaşlığı”na daxil olub, bu təşkilata daxil olan ölkələrlə viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması haqqında saziş imzalayıb.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub.
Nümayəndə heyətinin rəhbəri Dirk Şuebel də Avropa İttifaqı-Azərbaycan əlaqələri barədə danışıb. Daha sonra Alt Komitənin 2014-cü ildə Brüsseldə keçirilən 9-cu iclasından sonra görülmüş işlər barədə danışılıb və sessiyalar öz işinə başlayıb.
Sessiyalarda Azərbaycan Respublikasının nəqliyyat sektorundakı inkişaf və Aİ/dünya standartlarına uyğunlaşdırılma, Nəqliyyat üzrə müvafiq maliyyələşdirilmə mexanizminin nəzərdən keçirilməsi, Azərbaycanda nəqliyyat sektorunun inkişafına dair Avropa İttifaqının texniki yardımı, Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin həyata keçirilməsində Aİ-nin yardımı və mövcud vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Alt Komitənin iclası bu gün də işini davam etdirəcək.
U.A.
www.oxu.az