Son valyuta hərraclarında bankların dollara tələbatı ödənilmədiyi üçün manat ucuzlaşmaqda davam edir.
Hazırda banklarda dolların alışı 1,92-1,93 manat, satışı isə 1,96-1,97 manat səviyyəsindədir. Bu gün keçiriləcək valyuta hərracının nəticəsindən asılı olaraq, dollar gözlənilən 2 manatlıq psixoloji həddi keçə bilər.
Oxu.Az-ın məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov bildirib ki, növbəti 2-3 valyuta hərracında dollara olan tələbat ödənilməzsə və ucuzlaşma hazırkı dinamika ilə davam edərsə, dolların məzənnəsi 2 manatlıq psixoloji həddi keçəcək:
“Proses belə davam edərsə, manatın ucuzlaşması baş verəcək. Ümumilikdə, 2017-ci il ərzində manatın məzənnəsi 2,2-2,5 manat səviyyəsində formalaşacaq.
Əks proses baş verərsə, yəni valyuta hərracına tələbə uyğun həcmdə dollar çıxarılarsa, bu zaman manatın qısa müddətdə 3-5% möhkəmlənmə ehtimalı var.
Belə ki, dollarlaşma prosesi çərçivəsində hazırda xeyli dollar kütləsi yığılıb. Manatın psixoloji həddi keçməməsi dollarla bağlı bazarda təklifi artıracaq”.
Ekspert hesab edir ki, Neft Fondunun Mərkəzi Banka bu il üçün hesablanan transferləri valyuta hərracına kifayət qədər dollar çıxarmağa imkan verir:
“Bunu nəzərə alaraq demək olar ki, valyuta bazarına tələbə uyğun dollar çıxarılmaqla manat psixoloji həddi keçməyə bilər”.
U.A.
www.oxu.az