"Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə istifadəsiz qalan torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində mühüm addımlar atılıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülərək istifadəsiz saxlanılan 169.1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunub: "Aqrar sahədə həyata keçirilən islahatlar çərçivəsində su təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin tətbiqi və texnika parkının yenilənməsi istiqamətində də mühüm işlər görülüb. Kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ölkənin 32 rayonunda 52 aqropark yaradılıb. Aqroparklar rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və regionlarda məşğulluğun genişləndirilməsinə əhəmiyyətli töhfə verib".
Prezidentin köməkçisi vurğulayıb ki, torpaq və su resurslarından səmərəli istifadə yeni Dövlət Proqramının da əsas prioritet istiqamətlərindən biridir.