Pərviz Heydərov yazır...
Ölkəmizdə cari ilin yanvar-may aylarında iqtisadi artıma dair açıqlanan rəsmi statistika artıq, birmənalı şəkildə qeyd etməyə əsas verir ki, bütövlükdə birinci yarımil ərzində faktiki olaraq staqnasiya, yəni durğun vəziyyət hökm sürdü. İqtisadiyyatda real artımın dayanması, çox zəif olması və yaxud da uzun müddət eyni səviyyədə qalması staqnasiya adlanır.
Bir də var resessiya, yəni ölkə iqtisadiyyatı üzrə ÜDM-in ardıcıl olaraq iki rüb, başqa sözlə, altı ay ərzində azalması və yaxud da mənfi artım nümayiş etdirməsi... Bu isə staqnasiyadan mənfi müstəviyə keçid deməkdir. Yəni, iqtisadi aktivliyin kəskin şəkildə zəifləməsi, istehsalın aşağı düşməsi, işsizliyin artması və əhalinin alıcılıq qabiliyyətinin enməsi ilə xarakterizə olunan vəziyyət...
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783.8 milyon manatlıq ÜDM istehsal olunub ki, qeyd olunan rəqəm ötən ilin eyni dövründəkinə bərabər, yəni 0.0% nəticə təşkil edir. Yanvar-apreldə isə 0.2% artım qeydə alınmışdı. Birinci rüb ərzindəsə (ilk üç ayda) 29 milyard 703.2 milyon manatlıq ÜDM istehsal olunmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 0.3% az nəticə əldə edilmişdi.
Sual olunur, səbəb nədir? Ölkə iqtisadiyyatında faktiki staqnasiya vəziyyəti nədən yaranıb və nədən qaynaqlanır? Bu vəziyyət davamlı xarakter daşıyarsa, cari ildə resessiya ilə üzləşə bilərikmi?

Öncə, sonuncu suala cavab olaraq qeyd edim ki, xeyr. Azərbaycan iqtisadiyyatının resessiya ilə üzləşmə ehtimalı yoxdur. Sadəcə olaraq, problem qeyri-neft-qaz sektorundadır. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdi ki, problem neft hasilatının təbii azalmasındadır. "Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir", - deyə, ölkə başçısı vurğulamışdı.
Bəli, ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz neft hasilatı faktoru idi. Bu sahədə azalma başlayandan bəri, xüsusən də son illər ərzində ÜDM istehsalının enməsi prosesinin qarşısını qeyri-neft-qaz sektoru alırdı. Hər rübdə və ildə nə artım baş veribsə və verirdisə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olub və olurdu.
Məsələ bundadır ki, cari il başlayandan qeyri-neft-qaz sektoru üzrə istehsalda artım tempi də azalmağa doğru inkişaf götürüb. Yanvar ayının yekununa sözügedən sahədə artım 2.3% qeydə alınmışdısa, fevral da daxil bu rəqəm 1.4%, ilk üç aya görə isə 0.2%-ə bərabər olub. xatırladım ki, yanvar-apreldə isə 0.7%-ə qalxmışdı. Və ÜDM istehsalı üzrə göstərici də 0.2% nəticəyə yüksəlmişdi.
Yanvar-may aylarında isə qeyri-neft-qaz sektorunda ÜDM 35 milyard 658.4 milyon manat təşkil edərək real artım 0.4% olub. Bu da qeyri-neft-qaz iqtisadiyyatında artım tempinin yenə zəiflədiyini göstərir. Ona görə də, sözügedən dövrdə ÜDM istehsalı 0.0% nəticə göstərib.
Daha bir sual yaranır ki, bəs, qeyri-neft-qaz sektorunda ÜDM istehsalının artım sürəti niyə və nədən azalıb?
Hesab edirəm, bunda real olaraq bir neçə səbəb və şərait rol oynayır. Məsələ bundadır ki, sözügedən sektorun inkişafı dövlət və hökumət tərəfindən nə qədər çox prioritet seçilmiş olsa da, bir sıra çatışmazlıqlar mövcuddur.
Birincisi, ölkədə qeyri-neft-qaz sektoru üzrə artımı ardıcıl olaraq dəstəkləyən faktorlar kifayət qədər deyil. Məsələn, investisiyaya tələb lazımi səviyyədə ödənmir. Belə ki, sektorda kapital çatışmazlığı hökm sürür ki, söhbət, kənd təsərrüfatı, turizm və sair kimi neft-qaz sənayesi məhsullarından asılı olmayan sahələrdən gedir.
Qeyri-neft-qaz sektoruna aid bir sıra iri sənaye subyektləri vardır ki, xammal sarıdan neft və qaz məhsullarından asılı olduqlarından onlar da məlum tendensiyalardan mənfi təsir və təzyiqlərə məruz qalırlar. Hansı ki, qeyri-neft-qaz sektorunda ÜDM istehsalının artım sürətinin azalması səbəbləri və şəraiti sırasında bu cəhətin özü ikinci yerdədir.
Üçüncüsü, ölkəmiz ətrafında geosiyasi gərginliklərdən də doğan bəzi təsir və təzyiqlər az sözünü demir. Məsələn, turizm ölkədə yeni dirçəlməyə başlamışdı ki, Yaxın Şərqdəki vəziyyət demək olar yenə hər şeyi korlayıb. Ölkəmizə turist axını xeyli azalıb.
Dördüncüsü, müvafiq rəqabət şəraitinin yoxluğu, ixrac imkanlarının məhdudluğu və ucuz idxal da qeyri-neft-qaz sektorunda ÜDM istehsalının artım sürətini buxovlayır.
Daha bir neçə səbəb və əlverişsiz şəraitdən doğan amillər barədə də söhbət açmaq olar ki, bunlar qeyri-neft-qaz sektorunda ÜDM istehsalı üzrə artım tempini 5%-dən çox-çox aşağıda saxlayır.
Lakin bu, müvəqqətidir. Bir daha qeyd edirəm ki, iqtisadiyyatımız heç vaxt resessiya ilə üzləşə bilməz. Ölkə iqtisadiyyatının 71%-dən çox hissəsini qeyri-neft-qaz sektoru təşkil edir. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, təhlükəsizliyin təmini, "Böyük Qayıdış" Proqramının icrası, həmçinin sosial rifah tələbləri kimi məsələlərin həlli məhz bu sektorun inkişafından asılıdır.
Odur ki, staqnasiya tezliklə aradan qalxmalıdır və qalxacaq da...