10 ildə Azərbaycan bəlkə başqa dövlətlərin 100 ildə keçmədiyi inkişaf yolunu keçib. Bütün bunların hamısı göz qabağındadır. Elə sizin, bizim hamımızın burda rahat gəzməyimiz, belə rahat həyat yaşamağımızın özü bunu göstərir. Həm yoxsulluğun azalması, həm iş yerlərinin faiz göstəriclərinin aşağı düşməsi buna əyani sübutdu.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Yeni Müsavat”a müsahibəsində bildirib.
Azərbaycanda İşsizlikvə kadr çatışmamazlığı ilə bağlı məqamlara toxunan R.Abdullayev vurğulayıb ki, bizdə işçisizlik problemi var:
“Bizdə deyirlər ki, iş yerləri yoxdur. Amma mən deyərdim ki, bizdə işsizlik yox, işçisizlik var. Biz işçi, mütəxəssis tapa bilmirik. Hazırda peşə məktəblərinin inkişafı ilə bağlı yeni böyük bir proqram hazırlanır. Yeni təhsil naziri ilə bu barədə anlaşma əldə olunub, peşə məktəblərini inkişaf etdiririk. Fakt budur ki, indi işçi tapılmır. Vaxt var idi Azərbaycan neftçiləri bölgə üçün nümunə idi. Gələn il həyata keçiriləcək layihələr üçün 25-30 min işçi, mütəxəssis lazım olacaq”.
Həmçin SOCAR-ın prezidenti neft fondunda milliləşmə proqramı həyata keçirildiyi qeyd edib.
“Biz indi artıq bp ilə yeni proqram həyata keçiririk, 100 faiz milliləşmə, azərbaycanlı işçilərlə təmin olunma prosesini. Onlar müqaviləyə görə artıq 95 faiz yerli fəhlə və 80 faiz mühəndislərin işləməsi barədə öhdəlikləri yerinə yetirib. İndi biz artıq 100 faizli milliləşmə proqramı üzərində işləyirik ki, bütün müqavilələr üzrə çalışanlar bir neçə ildən sonra azərbaycanlılaşsın”.
R.Abdullayev kadr çatışmamazlığını aradan qaldırmaq üçün SOCAR fəaliyyətindən danışıb.
“Hazırda kadr bankını hazırlayırıq. Bunun üçün universitetlərdə işləyirik, yeni təhsil proqramları icra olunur, Ali Neft Məktəbi yaradılıb. Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı Neft Fondundan böyük vəsaitlər ayrılır. İndi fərqi yoxdur, sənin oğlun, mənim oğlum, fəhlənin oğlu, əgər bacarığı, savadı varsa, gedib imtahan verəcək, Oksfordda da oxuya bilər, Harvardda da”.