"İslam istiqrazlarının (sukuk) Azərbaycana mühüm iqtisadi faydalar gətirəcəyi gözlənilir".
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İnkişaf Korporasiyasının (ICD) Bank Departamentinin Birbaşa Maliyyə Departamenti eksperti Samir Nadir Tağıyev 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda keçirilən "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda panel müzakirəsində çıxış edib.
O bildirib ki, Azərbaycan şirkətləri, istər ölkə daxilində, istərsə də xaricdə yerləşənlər, yerli və ya xarici valyutada islam istiqrazları buraxa biləcəklər:
"Bu onlara uzunmüddətli maliyyə resursları cəlb etməyə imkan verəcək".
Samir Nadir Tağıyev qeyd edib ki, sukuk, həmçinin yaşıl enerji layihələri üçün də əhəmiyyətli imkanlar açacaq:
"Azad olunmuş ərazilərdə bu istiqamətdə böyük planlar var. Sukuk vasitəsilə biz qlobal bazarlara, xüsusilə də Körfəz ölkələrinin bazarlarına çıxış əldə edə biləcəyik. Bu ölkələr hazırda Azərbaycan kimi yaşıl enerjiyə yönəlmiş ölkələrə investisiya yatırmaqda maraqlıdırlar".
O, həmçinin su ehtiyatlarının azalması probleminə toxunaraq bildirib ki, hazırda Xəzər dənizindən təmiz suyun əldə olunması ilə bağlı prosesdə də iştirak edirlər.
"Yaxın zamanda bu sahədə daha da aktiv fəaliyyətimizi görəcəksiniz, təkcə gələn ilin iyununda Bakıda keçiriləcək illik toplantımıza görə deyil, ümumilikdə strateji fəaliyyətimizi gücləndirəcəyik".
Aygün Mirakif