"Bu gün Azərbaycan öz iqtisadi yolunda mühüm bir mərhələdə qərarlaşıb. Son onilliklər ərzində ölkə güclü təsisatları, müasir infrastrukturu və getdikcə şaxələndirilən istehsal bazası olan dinamik bir iqtisadiyyata çevrilib".
Oxu.Az xəbər verir ki, bunu Qara Dəniz Ticarət İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində reallaşan Biznes Forumda çıxışı zamanı deyib.
S.Köksal bildirib ki, Azərbaycan özünü təkcə aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji bir qovşaq kimi təsdiqləyib:
"Azərbaycan elə bir ölkədir ki, regional bağlılığın sadəcə nəqliyyat dəhlizləri və logistikadan ibarət olmadığını yaxşı anlayır: bu, imkanlar yaratmaq, bazarları əlaqələndirmək və rifah qurmaq deməkdir.
Bugünkü forumun mövzusu məhz bu baxışı dəqiq ifadə edir: "Bazarların birləşdirilməsi; İqtisadiyyatların şaxələndirilməsi; Tərəfdaşlıq vasitəsilə dayanıqlığın yaradılması".
Bunlar mücərrəd istəklər deyil. Onlar getdikcə mürəkkəbləşən və bir-biri ilə sıx bağlı olan dünyada dayanıqlı inkişafın əsaslarıdır. Azərbaycan bu yolda irəliləməkdə heyranedici bir qətiyyət nümayiş etdirib.
Ölkənin karbohidrogenlərdən asılılığı azaltmaq - şaxələndirmək, qeyri-neft sektorlarını inkişaf etdirmək, sahibkarlığı təşviq etmək və regional bağlılığı gücləndirmək istiqamətindəki səyləri investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Eynilə o da önəmlidir ki, bu səylər aydın bir baxışla və ambisiyaları reallığa çevirməyə qadir olan təsisatlarla müşayiət olunub".