Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsinə dair növbəti hərrac keçirilib.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Hərrac zamanı Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə sahib olmaq üçün bir neçə şəxs arasında rəqabət yaranıb. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır.
Ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kv.m, ümumi faydalı sahəsi isə 519 kv.m təşkil edir. Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə şəhərində və Ağdaş rayonunda yerləşir.
Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2- si Xətaidə, digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir.
Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri isə Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 137 kv.m.-dir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 17 kv.m.-dən 71 kv.m. arasında dəyişib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə isə müvafiq olaraq ən son 5200 və 3500 manat təklif edilib.
L.Ə.