Biz çalışırıq ki, çoxpilləli idarəetmə sistemindən bir və ya ikipilləli idarəetmə sisteminə keçək.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli son günlər SOCAR-ın bəzi strukturlarında ixtisarların aparılması ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) yer alan məlumatlara münasibət bildirərkən deyib.
O, qeyd edib ki, aparılan bütün struktur dəyişiklikləri SOCAR-ın müvafiq standartları əsasında həyata keçirilir. Hazırda “Azəriqaz” İstehsalat Birliyində də belə struktur islahatları aparılır:
“Belə ki, Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismar sahələrinin yenidən təşkil edilərək onların bazasında regional qaz istismar idarələrinin yaradılması, zərurət olmayan bölmələrin, ştatların ləğv edilməsi prosesi davam etdirilir. Bu islahatların həyata keçirilməsi zamanı isə müəyyən sayda işçi heyətlərinin sərbəstləşməsi qaçılmazdır. Sərbəstləşmiş işçilərin də SOCAR-ın müvafiq strukturlarında vakansiyalar olduqca peşəkarlıq səviyyəsinə uyğun olaraq qiymətləndirilib yerləşdirilməsi həyata keçirilir”.
A.Bəkirli bildirib ki, bununla bağlı struktur dəyişiklikləri həyata keçirilən qurumların işçilərinin bilik, bacarıq və səriştələrinin insan faktoru olmadan qiymətləndirilməsi İnsan Resursları Departamenti tərəfindən elektron qaydada təşkil edilən test imtahanları yolu ilə keçirilir:
“İşçilərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması məqsədilə hər zaman dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, KİV-in və digər maraqlı tərəflərin imtahanlarda müşahidəçi qismində iştirakına şərait yaradılır. Hər bir işçinin taleyi bizim üçün önəmlidir. Biz bu məsələlərdə şox diqqətliyik, obyektiv və ədalətlilik prinsiplərini təmin etməyə çalışırıq. Biz çalışırıq ki, SOCAR-da bütün bu proseslər şəffaf şəkildə həyata keçirilsin”. (Trend).