Xəbər verdiyimiz kimi, ötən gün satışına başlanan sosial mənzillərin elektron qaydada seçimi zamanı problem yaranıb. Rəsmi açıqlamaya görə, “Elektron hökumət” portalı yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaradan nasazlıq baş verib. Bu, məsələnin rəsmi tərəfidir.
Mənzil almaq istəyən vətəndaşlar isə bildirir ki, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənsə də, dünən sistemdə 40 min nəfər olub. Artıq 11:00-da sistemdə satılmamış mənzil qalmayıb.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi:
“Gözlənildiyi kimi, səkkiz minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazır olsa da, təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmayıb.
Nəticədə, elektron sistemdə fasilələr və eləcə də, seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı”.
V.Bayramovun sözlərinə görə, mayın 7-si saat 10:00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi:
“Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarə edilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edə bilməyənlərə əlavə zamanın verilməsi, onların seçiminin tanınmasına ehtiyac var.
Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır.
Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq, elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var”.
L.Ə.
www.oxu.az