“Azcake” MMC-yə məxsus istehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib.
Nazirlikdən verilən məlumata görə, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün MMC-yə dövlət dəstəyi göstərilib. Müəssisədə avadanlıqların quraşdırılması “Sumqayıt-Çörək” ASC tərəfindən həyata keçirilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.
Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir. İstehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.
20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq iki çeşiddə 5 min ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub.
Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.