"Azərbaycan bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. SPECA, MDB və digər regional platformalar vasitəsilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Tacikistan Respublikası ilə Azərbaycan arasında çox yaxın münasibətlər mövcuddur. Münasibətlərimiz hər iki tərəfdən, o cümlədən prezidentlər səviyyəsində yüksək səviyyədə qurulub".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 200% artıb:
"Cari ilin ilk beş ayında da ticarət dövriyyəmizdə artım müşahidə olunur. Ümid edirik ki, gələcəkdə təkcə hökumət səviyyəsində deyil, özəl sektor arasında da sıx əməkdaşlıq olacaq".
O qeyd edib ki, Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının Tacikistandan Azərbaycana ixracı istiqamətində fəaliyyət göstərən "TajAzer Trade" birgə müəssisəsi mövcuddur.
"Ümid edirik ki, gələcəkdə Ələt Azad İqtisadi Zonası və Tacikistanın beş azad iqtisadi zonası vasitəsilə əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik".
A.Abdurahmonzoda əlavə edib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla səmərəli görüş keçirib:
"Ümid edirik ki, gələcəkdə hər iki ölkə arasında ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirəcəyik".