Bu ilin iyul ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən daşınmaz əmlakın Bakı şəhərinin təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında iyun ayı ilə müqayisədə 1,9% azalma müşahidə edilib.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, birlikin yaydığı məlumata görə, əqdlərin dinamikasının azalması təkrar mənzil bazarında ipoteka kreditləşməsinin zəifləməsi ilə bağlı olub.
Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub.
İyul ayında aparılan araşdırmalara əsasən, təklif (2,6%) azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 4 850-ə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.
Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.
Iyul ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,6% təşkil edib.
İyul ayında qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə edilib. Orta qiymət iyunda qeydə alınan nəticədən 2,0% artıb və 1 312 dollar/kv.m təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 32,1% olub.
Ötən ay bütün rayonlarda qiymət artımı müşahidə olunub. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb (3,3%). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 312 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,7%-ə malikdir.
Mənzillərin orta otaq göstəricisi 2,81, hər otağın orta satış qiyməti 49 966 dollar, mənzilin orta qiyməti isə 118 212 dollar təşkil edib.