Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 18№-li qərarına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC nizamnaməsi və strukturu təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Məlumatda deyilir ki, AXDG QSC-nin nizamnamə kapitalı 383 420 621 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383 420 621 ədəd adi səhmlərdən ibarətdir.
Məlumatda göstərilir ki, hansı mənbələr hesabına AXDG QSC-nin əmlakı təşkil olunur: nizamnamə kapitalı, maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər, qanunla qadağan olunmayan digər mənbələr.
Qeyd olunur ki, nizamnamə kapitalı qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
QSC-nin bütün səhmləri dövlətə məxsusdur.
AXDG QSC-nin strukturuna gəlmişkən, məlumata görə, cəmiyyətin aparatı və törəmə müəssisələri onu təşkil edir.
Törəmə müəssisələrin siyahısına Azərbaycan Dövlət Dəniz Akademiyası, “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu daxildir.
Cəmiyyətin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) isə bunlardan ibarətdir: Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, “Bibiheybət” Gəmi Təmiri Zavodu, “Zığ” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Sosial İnkişaf İdarəsi.
Həmçinin, məlumatda cəmiyyətin ayrıca bölmələri (filial və nümayəndəlikləri) göstərilib. Məlumatda AXDG QSC-nin nümayəndəliklərinin Türkiyədə, Rusiyada, Qazaxıstanda, İranda, Türkmənistanda və Ukraynada olduğu bildirilir.
Gülnarə Zeynalova
www.oxu.az