“5 dövlətin - İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanın Fars körfəzindən Qara dənizədək uzanan nəqliyyat dəhlizi yaratması ideyası, hələ ki, niyyətdən başqa bir şey deyil”.
Bu sözləri Oxu.Az-a açıqlamasında TRACECA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev bildirib.
A.Mustafayev deyir ki, bu ideyanın reallaşması üçün uzun illər lazımdır:
“Bu ideyanın reallaşması üçün sazişlər imzalanmalı, müəyyən maliyyə ayrılmalıdır. İkinci tərəfdən, bir neçə dövlət birləşib, dəhliz yarada bilərlər. Onların əsas məqsədi odur ki, tranzit daşımaları onların ərazisindən keçsin və bundan müvafiq dividentlər əldə etsinlər”, - deyə bildirib.
O həmçinin əlavə edib ki, bu dəhliz yaradılsa belə, onun Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) işinə heç bir təsiri olmayacaq:
“Bu dəhliz illərdir fəaliyyətdədir. Belə ki, hazırda bu dəhliz ilə ildə 25 milyon tona yaxın yük daşınır. Bunlardan 12 milyon tonu isə tranzit daşımalarıdır. “Şimal-Cənub” dəhlizi ilə isə gələcəkdə 5-6 milyon ton yük daşınacaq”.
O həmçinin qeyd edib ki, yaxın gələcəkdə İran öz yüklərini Azərbaycan üzərindən Avropaya daşıya bilər, çünki Türkiyə üzərindən daşımaların həyata keçirilməsi təhlükəsizlik baxımından əlverişli deyil:
“Bu gün İran Türkiyə üzərindən daşımaları təhlükəsiz hesab etmir. Gələcəkdə İran öz yüklərini Azərbaycan üzərindən Gürcüstan vasitəsilə Qara dəniz limanlarına keçməklə Avropaya çatdırıla bilər”.
Akif Mustafayev bildirib ki, adıçəkilən ölkələrin nümayəndələrinin 12-13 iyul tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada görüşündən sadəcə niyyət protokolunun imzalanmasını gözləmək olar.
Xatırladaq ki, İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan Fars körfəzindən Qara dənizədək uzanan nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.
Bu məqsədlə adıçəkilən ölkələrin nümayəndələri 12-13 iyul tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada görüşərək müzakirə aparacaqlar.
Ülviyyə R. Əli
www.oxu.az