Dövlət Statistika Komitəsinin yanvar-iyun ayları üzrə istehlak bazarı ilə bağlı hesabatına görə, göstərilən dövrdə bahalaşan məhsulların arasında yumurta da olub.
Oxu.Az xəbər verir ki, 2015-ci ilin yekununa adambaşına yumurta istehlakı illik 158 ədəd təşkil edib. Xatırladaq ki, 10 il əvvəl bu rəqəm illik 128 ədəd idi. Göründüyü kimi, əhalimizin yumurta istehlakı artıb. Bəs yumurtanın qiyməti bazarın tələbinə uyğun yüksəlib?
2016-ci ildə ölkədə 1609,8 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki illə müqayisədə artım 3,7 faiz olub. Cari ilin may ayına olan statistikaya əsasən, ölkədə yumurta istehsalı 6,5 faiz artaraq 739,8 milyon ədəd təşkil edib. Deməli, bazarda tələbə uyğun təklif də artıb.
Bundan başqa, yay fəslində tələbatın azalması səbəbindən dünyanın bütün ölkələrində yumurtanın qiyməti ucuzlaşır. Məsələn, Türkiyədə qış aylarında 35 kuruş olan yumurta hazırda 16 kuruş təşkil edir. 7 ayda yumurta 53 faiz ucuzlaşıb.
Azərbaycanda qış aylarında 18 qəpik təşkil edən yumurta hazırda 10 qəpikdir. Cəmi 8 qəpik ucuzlaşma baş verib.
Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev yumurtanın bahalaşması ilə bağlı Statitika Komitəsinin hesabatı ilə razılaşmadı: “Marketlərdə yumurta 10 qəpikdən satılır. Gedin baxın. Sənaye müəssisələrindən yumurta 6 qəpiyə alınır. İstehsalçı yumurtanı bundan da ucuz satmalıdır?”
Ekspert Vahid Məhərrəmov bildirir ki, yumurtanın qiymətinin baha olmasının səbəbi istehsal prosesində istifadə olunan avadanlıqların, hətta toyuqların, yemin xaricdən gətirilməsidir: “Yumurtanın maya dəyərində yem 65 faiz rol oynayır. Azərbaycanda isə quşçuluq təsərrüfatlarında istifadə edilən yem xaricdən gətirilir. Nəticədə bu məhsul ucuz başa gəlmir”.
Mütəxəssis qeyd etdi ki, ölkədə əkilən taxılın keyfiyyəti aşağı olduğundan quşçuluq təsərrüfatında da istifadə edilmir.
L.Ə.