Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Zəfər festivalı”nda robotlar nümayiş olunub - REPORTAJ
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində robotların nümayişini əks etdirən “Zəfər festivalı” keçirilib.
Oxu.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar təşkil olunan festivalda Milli Aviasiya Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model” mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər Universiteti iştirak edib.
Robototexnika, proqramlaşdırma kursları təşkil edən “AzeRobot Education Robototexnika” tədris mərkəzinin nümayəndəsi Asif Mirzəyev bildirib ki, festivala qatılmaqda məqsəd orta məktəb şagirdlərinin, yeniyetmə və gənclərin bu sahəyə marağının artırılması, onların öz işlərinin tanıtımına dəstək olmaqdır:
“Festivala maraq kifayət qədər yüksəkdir. 70-dən çox tələbəmiz, 10-dan çox müəllimizlə “Zəfər festivalı”nda iştirak edirik. 5 planer, 10-dan çox dron - hansı ki, bir çoxunun müəllifi bizim tələbələrimizdir, bu festivalda izləyicilərə təqdim edilir”.
Festivalın təşkilatçılarından biri olan Nəriman Sultanov vurğulayıb ki, “Zəfər festivalı” Balaxanı bələdiyyəsinin təşəbbüsü ilə baş tutur:
“Robot festivalında tələbə və gənclərin, şagirdlərin təşəbbüsü ilə hazırlanan təyyarə modelləri, dronlar nümayiş olunur, xüsusi hazırlanan robotlar təqdim edilir. Robot festivalının xüsusi hazırlanan uçuş zonasında təyyarə və dronların sınağı həyata keçirilir. Sərgi zonasında isə avtomobillər, tank modelləri, müxtəlif robotlar nümayiş olunurlar. “Texnofest”in ölkəmizdə keçirilməsindən sonra bu sahəyə maraq daha da artıb. Tələbə və gənclərin çoxu öz şəxsi təşəbbüsü ilə robotlar, dronlar hazırlayıb, nümayiş etdirməyə çalışırlar. “Zəfər festivalı”nı mini “Texnofest” də adlandırmaq olar. Ümid edirik ki, bu tədbirlər davamlı keçiriləcək”.
Təşkilatçı Elvin Fərəcov isə qeyd edib ki, “Zəfər festivalı” bu sahəyə girişin bir növ başlanğıcıdır:
“Festivalın növbəti illərində gələcəkdə keçiriləcək tədbirlərə daha çox modelistlər cəlb ediləcəklər. Böyük təyyarələrin nümayişini və iri şouların təşkil edilməsini nəzərdə tuturuq. Dron və robot hazırlayan xüsusilə şagirdlər arasında həvəsləndirici yarışların keçirilməsi vacibdir. Biz bu festivalla bağlı elanlar paylaşanda müraciət edənlərin əksəriyyəti məktəblilər idi və onlar evdə həvəskar şəkildə hazırlanmış robotlarını təqdim edirdilər. Biz inanırıq ki, bu sahənin gələcəyi parlaqdır”.
Festivala qatılan Milli Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi İmran Quliyev uçuş mühəndisliyi ixtisası üzrə təhsil alır. İmran bildirib ki, robot festivalına müəllifi olduğu dronu ilə qatılıb:
“Hazırda aviomodelizmlə məşğulam. Özümün F-450 pilotsuz dronum var. Onun vasitəsilə avtomat uçuşlar həyata keçirir, dronun xəritədə yerini müəyyən edir, drona missiya verərək, bunu yerinə yetirməsini təmin edə bilirik. Mən “Texnofest”də iştirak etmişəm və orada istifadə olunan “Skywalker X8” modeli ilə də avtonom formada uğurlu uçuşlar həyata keçirmişik. Azərbaycanda aviomodelizmin inkişafını, gənclərin bu sahəyə marağının artmasını istəyirik”.
Robot festivalının ən gənc iştirakçılarından olan Səfiyar Musazadənin 16 yaşı var. O özünün hazırladığı dronun sınaq uçuşlarını həyata keçirib.
“Hazırda 9-cu sinifdə oxuyuram. Həvəskar şəkildə dron hazırlayıram. Məlumatları əsasən internet üzərindən maraqlanırdım. Daha sonra isə bununla bağlı kurslara getməyə başladım, öz dronlarımı, robotlarımı hazırlayıb, sınaqdan keçirirəm. Gələcəkdə bu sahə üzrə davam etmək, ən çox xarici ölkələrdə təhsil almaq istəyirəm”, - deyə, Səfiyar bildirib.
Festivalın digər həvəskar iştirakçısı, 16 yaşlı Elçin Hüseynzadə də robotlar və dronlar hazırlamaqda maraqlıdır. O, 2 ildir bu sahə ilə məşğul olur:
“Hazırda 33 nömrəli tam orta məktəbdə oxuyuram. Gələcəkdə isə dron mühəndisi olmaq istəyirəm. İllər öncədən dronlarla bağlı bütün məsələlər mənə maraqlı gəlirdi. “Mən niyə öz dronumu hazırlamayım?!” - deyə, düşünürdüm. Sosial şəbəkələr, internetdə paylaşılan tədris videolarına baxaraq, öz üzərimdə işləməyə başladım. Ötən il Azərbaycanda keçirilən “Texnofest” festivalına izləyici kimi qatıldım, amma gələcəkdə öz modellərimi bu məşhur festivalda nümayiş etdirmək istəyərəm”.
“Hobbi Model” mağazalar şəbəkəsinin sahibi İlqar İbayev söyləyib ki, mağazada dünyanın hər bir yerindən avtomobil, tank, hərbi texnikaların modelləri gətirilib, satışa çıxarılır:
“Xüsusilə kolleksionerlərin diqqətini cəlb edən bu modellər içərisində nadir tapılanlar da var. Bir çoxunun ehtiyat hissələri satılır, onu alaraq, özünüz öz modelinizi hazırlaya bilərsiniz. Festival ərzində daha çox uşaqların bu sahəyə marağını görürük. Onlar həm modelləri hissələr şəklində alıb, özləri düzəltməyə, həm də hazır formada alıb, kolleksiya yığmağa maraq göstərirlər. Əvvəllər daha çox müxtəlif növ avtomobillərin modellərinin toplanmasına maraq çox idisə, Vətən müharibəsindən, ölkəmizdə keçirilən hərbi paradlardan sonra hərbi texnikalara da maraq artıb. Ümid edirik ki, kolleksiyalardan ibarət xüsusi, ayrıca tədbirlər də keçirilər”.
“Zəfər festivalı”nın ən maraqlı stendlərindən biri isə hərbi texnikaların, tankların hazırlanması ilə məşğul olan İlqar İsmayılovun əl işləri idi. O əməkdaşımızla söhbətində qeyd edib ki, bütün modelləri Azərbaycan istehsalı olan materiallardan hazırlayıb. İlqar İsmayılovun öz evində emalatxanası var və əl işlərini ən çox Avropa ölkələrinə satır:
“Xüsusilə, Finlandiya, Almaniya, Çexiya, Fransa, İngiltərə kimi ölkələrdən sifarişlər qəbul etmişik. Xarici ölkələrdə Azərbaycan brendi ilə iştirak edərək, ilk pillələri qazanmışıq. Tank modellərinin bəzilərinin satış qiyməti 500 dollardan başlayır. Hazırladığımız T-26 tank modeli Kiyev şəhərində keçirilən modelizm yarışmasında birinci yerin sahibi olub. Gənclərin bu sahəyə marağı kifayət qədər çoxdur. Mənim bir tələbəm var idi, 13 yaşından tank düzəltməyə maraq göstərirdi və modelizm sahəsində peşəkarlaşmaq istəyirdi. Onun özünün hazırladığı tank modeli də Ukraynada keçirilən yarışmada 2500 model arasından ilk yerə çıxmışdı. O hazırda Kazanda təhsil alır.
“Azəri” brendi altında ölkəmizdə istehsal edilən tank modellərini dünyaya yaymağa çalışırıq. Bizim “Youtube” kanalımızın hesabına 32 ölkədən sifarişlər qəbul etmişik, maraq göstərənlər olub. Radioidarə sistemi ilə çalışan modellərə maraq kifayət qədər yüksəkdir”.
İzləyicilərin marağına səbəb olan robot festivalı daha sonra konsert proqramı ilə davam edib.
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
"Almaniya" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi