ABŞ-də baş verən hadisədə qadınlar məhkəmə qərarı ilə atanın uşaqları 60 günlük yay tətilinə aparmasının qarşısını almaq məqsədilə dörd azyaşlının həyatına son qoyublar.
Oxu.Az-ın məlumatına əsasən, hadisə barədə "The U.S. Sun" nəşri xəbər yayıb.
Hadisənin qurbanları 13 yaşındakı Harper, 11 yaşlı Hadson, həmçinin 10 yaşlı əkizlər Qevin və Qreyslindir. Uşaqların artıq çürüməyə başlayan cəsədləri nənənin mənzilində aşkar edilib.
İstintaqın ilkin məlumatına görə, qadınlar uşaqlara zəhər veriblər. Zəhərləyici maddə kifayət qədər tez təsir etmədiyindən, şübhəlilər daha effektiv öldürmə üsulları axtarmağa başlayıblar. Qadınların internetdəki axtarış tarixçələrini yoxlayarkən, insulinin sağlam bədənə təsiri və bıçaq zərbələrinin bədənin hansı nahiyəsində daha tez ölümə səbəb ola biləcəyi haqqında məlumatlar axtardıqları müəyyən edilib.
Qızlardan kiçiyi olan Qreyslin qarnında kəskin ağrıdan şikayət edirmiş. Lakin qadınlar uşaqların mədələrini təmizləmək üçün tualetdən istifadə etmələrinə icazə verməyiblər. İstintaqın məlumatına görə, Qevin, ehtimal ki, zəhərlənmədən sağ qalıb, lakin o, bıçaq zərbəsi ilə öldürülüb.
Bildirilir ki, daha öncə qəyyumluq orqanlarının nümayəndələri bu ailədə yoxlamalar aparıb və uşaqlara qarşı etinasız münasibət olmasını qeydə alıblar. Bütün bunlara rəğmən, ananın valideynlik hüquqları məhdudlaşdırılmayıb.