Amerika Birləşmiş Ştatlarının Kembric tələbə şəhərciyində əvvəllər də məhkumluğu olan şəxs şərti azadlığa çıxması ilə əlaqədar məhkəmə dinləməsi təyin olunduğu gün odlu silahdan atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Boston 25 News" telekanalı məlumat yayıb.
Silahlı şəxs Memorial Drayv küçəsində həm piyadalara, həm də hərəkətdə olan maşınlara doğru atəş açıb. İlkin ehtimala görə, hadisə nəticəsində azı bir şəxs xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə çatdıqdan sonra belə, həmin şəxs atəş açmağı dayandırmayıb.
Kembric şəhər polis idarəsindən verilən açıqlamada qeyd olunub ki, cəmiyyət üçün artıq heç bir təhdid mövcud deyil. Lakin vətəndaşlardan hadisə yerinə yaxınlaşmamaları xahiş edilib.
Hücumu həyata keçirən şəxsin Tayler Braun olduğu aydınlaşıb. Qeyd edək ki, o, daha öncə də polis işçilərinə silahla hücum etdiyi üçün beş il müddətinə azadlıqdan məhrum edilmişdi. İnsidentin baş verdiyi gün o, sərbəst buraxılması məsələsini nəzərdən keçirən məsul şəxslə görüşməli idi.
Hadisə yerində olan sürücülərdən biri mətbuat nümayəndələrinə bildirib ki, öncə silah səsi eşidib, ardınca isə lülənin ona doğru yönəldildiyini görüb. Onun sözlərinə əsasən, maşının ön panelinin arxasına sığınaraq xilas ola bilib, bundan sonra cinayətkarla asayiş keşikçiləri arasında atışma başlayıb. Həmin an yaxınlıqda olan bir məktəb avtobusunun qadın sürücüsü və içindəki sərnişin maşını tərk edərək kolluq ərazidə gizlənməyə məcbur olublar.
T.Braunun qaranlıq cinayət keçmişi təqribən 20 ili əhatə edir. Hələ 2020-ci ildə o, Boston şəhərinin polis əməkdaşlarına doğru 13 dəfə atəş açmışdı. Həmin vaxt dövlət ittihamçısı onun 10-12 il arası həbs edilməsini tələb etsə də, hakim daha yumşaq qərar çıxarmışdı.