2013-cü il sentyabrın 17-də Abşeron rayon Qobu qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Gülxanım Novruzova evdən çıxaraq bir daha geri qayıtmayıb. O, yaş yarımlıq və altı aylıq körpələrini evdə qoyaraq gedib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Abşeron rayon Polis İdarəsindən bildiriblər.
Novruzovanın itməsi barədə polisə onun əri məlumat verib. Onun sözlərinə görə, evdən getməzdən əvvəl qadın ölümqabağı məktub yazıb və özünü öldürəcəyini bəyan edib.
“Daha belə yaşaya bilmərəm. Mən ölmək üçün gedirəm. Məni axtarma. Ailə qur və uşaqlara qulluq et. Xudahafiz” – deyə, o yazıb.
Cinayət axtarışı şöbəsinin əməliyyatçıları Gülxanımın axtarışlarına başlayıblar, lakin onu dirilər deyil, ölülərin arasında axtarıblar. Eyni zamanda, sentyabrın 18-də Suraxanı rayonu Hövsan qəsəbəsində su kanallarından birində naməlum gənc qadının meyidi tapılmışdı. Bu barədə xəbər alan əməliyyatçılar əvvəlcə Gülxanımın özünü suda boğduğunu düşündülər. Lakin qadının cəsədini görməyə gələn polislər onun Gülxanım olmadığını müəyyənləşdiriblər.
Təhqiqat davam edirdi, əməliyyatçılar artıq Novruzovanın bütün qohum və tanışlarını dindirmişdilər. Və birdən polislər bir məqamla rastlaşdılar. İtməzdən bir gün əvvəl Gülxanım Novruzova gözəllik salonunu ziyarət edib, saç düzümünü dəyişmiş, qaşlarını aldırmış, bir sözlə özünü qaydaya salmışdı.
Novruzovanın qohumlarının sözlərinə görə, o, gec-gec gözəllik salonuna gedərmiş. “Bizdə salonlara yalnız toydan toya gedirlər” – deyə, onlar bildiriblər.
Əlbəttə ki, polislərin ağlına gələn ilk versiya bu oldu – axı özünü öldürmək istəyən insan nə üçün bəzənsin? İş üzrə yeni ortaya çıxmış məqamları müzakirə edən gənc əməliyyatçılardan biri hətta belə bir fikir söyləyib: “Qadındır, onları anlamaq olur ki, bəlkə Novruzova istəyib onu ölü, lakin gözəl tapsınlar?”.
Lakin daha təcrübəli polislər güman ediblər ki, iki uşaq anası olan qadın sağdır. Bu gün, Novruzovanın evdən çıxdığı vaxtdan bir həftənin tamam olduğu gün qadın Bakının Xəzər rayonunda yaşayan gənc bir oğlanın evindən tapılıb. Novruzova sağ və salamatdır. Bundan başqa, o, öz həyatını yenidən qurmaq niyyətindədir.
Bu gün Abşeron RPİ-nin əməkdaşları qadını əri ilə görüşdürmək üçün onun arxasınca yola düşüblər. Gülxanım ərinin gözlərinə necə baxacaq? Bu barədə daha sonra məlumat veriləcək.