Daxili İşlər Nazirliyi Bakıda baş verən quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da saat 05:00 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə Beynəlxalq Banka məxsus bankomatın partladılması və içərisində pul olan qutunun aparılması müəyyən edilib.
Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək, əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində apardığını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürdüyünü bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
10:31
Bakıda quldurluq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsində 3 nəfər naməlum şəxs Üzeyir Hacıbəyov küçəsindəki marketə basqın edib.
Maska taxmış həmin şəxslər avtomatla marketin mühafizəçisinə zor tətbiq ediblər və onun əl-qolunu bağlayıblar. Daha sonra maskalı şəxslər marketə bitişik quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata qumbara bağlayıblar və partlayıcı qurğunu işə salıblar.
Partlayışdan sonra həmin şəxslər bankomatdakı külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı zəruri əməliyyat axtarış və istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində operativ əməliyyat qrupları təşkil olunub.