Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Zamin Məcidlinin (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il iyulun 12-də Bakının Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə, üzərində zorakılıq əlamətləri ilə Salyan şəhər sakini, 20 yaşlı Nurlan Xudiyevin meyitini aşkar ediblər. Mərhumu müayinə edən ekspert cavan oğlanın döş qəfəsində çoxsaylı bıçaq xəsarətlərinin olmasını müəyyən edib. RPİ və prokurorluq əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin açılması və törədilməsində şübhəli bilinən şəxsin tutularaq, məsuliyyətə cəlb olunması təmin edilib. Ayın 19-da mərhumla dostluq münasibətlərində olan Bakı ş. sakini Zamin Məcidli tutulub.
Dindirmə zamanı saxlanılan şəxs aralarında şəxsi münasibətlər zəminində mübahisə düşdüyünü bildirib. Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o kəsici aləti yaşadığı evin həyətində basdırıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və hakim tərkibi elan olunub.
Məhkəmə baxışı mayın 5-nə təyin edilib.
Ətraflı məlumat proses yekunlaşandan sonra veriləcək.
C.H.
www.oxu.az