Masallıda 16 yaşlı qız xalası oğlunu intiqam məqsədilə öldürmək istəyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərəb kəndində Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva xalası oğlu 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevi bıçaqlayıb.
Nərminə xalası oğluna çay kənarında 10 bıçaq zərbəsi vurub.
Hadisə nəticəsində ağır yaralanan Həsən Vəliyev xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də Nərminəni qaçıran oğlanı yaxalayıb.
Bundan əsəbiləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb. Burada uşağı bıçaqlamağa başlayıb.
Faktla bağlı Masallı rayon cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
15:30
Masallıda dəhşətli cinayət hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.
Rayonun Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva şəxsi münaqişə zəminində xalası oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
H.Vəliyev təcili Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilən H.Vəliyev xəstəxanada həkimlərin nəzarəti altındadır.
Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.