Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.