Bakıda qardaşını dəmir parçası ilə öldürən 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, o, törətdiyi cinayəti etiraf edərək böyük qardaşı Vahid Əsədovu aralarında yaranan mübahisə nəticəsində qətlə yetirdiyini deyib:
“Aramızda tez-tez mübahisə düşürdü, mənə deyirdi ki, özümə yaxşı iş tapım, xoşuma gəlmirdi”.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində mərhum Vahid Əsədova məxsus ət dükanı olub.
Kiçik qardaş isə meyvə-tərəvəz satışı ilə məşğul olub. Təqsirləndirilən şəxsin dediyinə görə, qardaşı ona hər dəfə irad tutaraq, ciddi işlə məşğul olmasını istəyirmiş. Bunu özünə təhqir kimi qəbul edən Zahir Əsədov linglə onu baş nahiyəsindən zədələyib:
“İstəmirdim, belə olsun. Amma dəmiri götürüb, başına vurdum. O vəziyyətdə qoyub getdim”.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmasını Nərimanov prokurorluğu aparır.