Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qaxda prokurorluq qarşısında xuliqanlıq əməli törədən 23 yaşlı sərxoş gənc həbs edildi
Qax rayonunda 23 yaşlı oğlan həbs edilib.
Oxu.Az-ın məlumatına görə, həmin şəxs Qax Rayon Prokurorluğunun qarşısında saxlanılıb.
Belə ki, 2002-ci il təvəllüdlü rayon sakini axşam saatlarında içkili vəziyyətdə idarə etdiyi avtomobillə rayonun Azərbaycan prospektində Qax Rayon Prokurorluğunun inzibati binasının qarşısına gəlib. Gənc oğlan avtomobili prokurorluğun qarşısında saxlayıb qapıları açıb, maqnitofona yüksək səs verib musiqiyə qulaq asmağa başlayıb. Bu azmış kimi həmin şəxs ətrafdan keçən qadınlara da söz atıb.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları çağırılsa da, həmin şəxs əməllərinə davam edib, polisə tabe olmayıb.
23 yaşlı gənc saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, beş sutkalıq həbs edilib.
Aqil Vəlili