Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Bulud Kərimovun (1972-ci il təv.) və Abşeron rayon sakini Urfan Hüseynovun (1989-cu il təv.) CM-nin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, Bulud Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və Urfan Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları kimi təqdim etməklə, vətəndaşların xeyli miqdarda pulunu ələ keçiriblər.
Vətəndaşların şikayətləri əsasında bu il martın 3-də B.Kərimov Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, bundan iki ay sonra, yəni mayın 5-də Urfan Hüseynov tutulub. Qrupun üzvü Nizami Qəhrəmanov istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
İstintaqın gedişatında cinayət işi üzrə 22 nəfər zərərçəkmişin olduğu müəyyən edilib.
Məhkəmənin hökmü ilə B.Kərimov 4, U.Hüseynov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
C.H.
www.oxu.az