Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün qohumları ilə birləşib keçmiş arvadını oğurlayıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl baş verib.
Lakin bu haqda məlumat yayılmayıb. İstintaq materiallarından məlum olur ki, təqsirləndirilən Şamo Qocayev bir neçə il əvvəl boşandığı arvadı Aydan Nağıyevanı (şərti) oğurlamaq məqsədilə qohumları Ayaz Heydərli və Anar Talıblı ilə cinayətkar əlaqəyə girib.
Plana görə, Şamo Bakıda yaşayan arvadını oğurlayıb Salyana aparmalı imiş. Hadisə günü Şamo və Ayaz Anarın etibarnamə əsasında idarə etdiyi avtomobillə arvadının olduğu əraziyə gəliblər.
Şamo keçmiş arvadına övladını oğurladığı ilə bağlı yalan məlumat verərək, uşağı görməsi üçün maşına oturmasının vacib olduğunu deyib. Aydanın razılaşmadığını görən Şamo onu məcbur maşına salıb.
Avtomobildə Şamo Anarla birləşərək qadının müqavimətini qırmaq məqsədilə ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Polis məsələdən xəbər tutan kimi qohumların planını pozub. Qohumlar Salyana çata-çatda təqibdə olan polis əməkdaşları tərəfindən saxlanılıblar.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinin bir neçə bəndi ilə ittiham verilib. Təqsirləndirilən şəxslər isə ittihamla razı deyillər.
Ş.Qocayev ifadəsində deyib ki, o, oğurluq əməlinə görə uzun illər həbsdə olub, elə bu hadisə baş verən günü azadlığa buraxılıbmış.
Keçmiş arvadı ilə də uşaqlarını görmək üçün görüşə gedib. Dediyinə görə, arvadı görüşə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. Amma məqsədi onu oğurlamaq olmayıb.
Müttəhimlər hər biri məhkəmədən bəraət istəyiblər.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılıb.
Hökmə əsasən Şamo Qocayev 10 il, Azər Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.