Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Yanğın işi”: Onlara siqaret çəkmək üçün şərait yaradılırdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov, onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mahir Abdullayev ifadə verərək, deyib ki, dispanserin qapılarının düzəldilməsi üçün avadanlıqlar ayrılmalı idi.
Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə cavabdeh olmayıb:
“Həm də bizə deyirdilər ki, tezliklə yeni istifadəyə veriləcək binaya köçəcəyik. Mənim qapıları dəyişmək və ya hansısa təmir aparmaq səlahiyyətim yoxdur. Ancaq oradakı bütün çatışmazlıqlar barədə Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik”.
M.Abdullayev çıxışında mərkəzdə müalicə olunan xəstələrin əlində alışqan olması barədə məsələyə də aydınlıq gətirib:
“Bəzi xəstələr vardı ki, onlar özlərini idarə edə bilirdilər. Buna görə onlara siqaret qəbul etmək üçün şərait yaradılırdı”.
Sonra M.Abdullayevin vəkili Elnur Salmanov hüquqlarını müdafiə etdiyi şəxs barəsində xasiyyətnaməni və bəzi sənədləri məhkəməyə təqdim edib. Vəkil deyib ki, M.Abdullayevin əmək müqaviləsində də yanğın təhlükəsizliyinə cavabdeh olması göstərilməyib.
Proses fevralın 15-də davam etdiriləcək.
Etibar Məmmədov
Rəylər