Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib Müzəffərov və Cəfər Bədəlovun CM-nin 177.2.1 (oğurluq, bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 23-də Xəzər RPİ Cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sahib Müzəffərov və Cəfər Bədəlov tutulublar.
Məlum olub ki, onlar ayın 21-də Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən Mir Mövsüm Ağa ziyarətgahına gələn Bakı ş. sakini Sabir Nəcəfova məxsus “Nissan” markalı avtomaşından, şüşəsi sındırılmaqla içərisində 2000 dollar, 1070 manat, mobil telefonlar, qızıl-zinət əşyaları, sənədlər və açarlar olan əl çantalarını oğurlayıblar.
İstintaqın gedişatında onların daha 4 nəfərə məxsus pul və əmlakı analoji yollarla Şüvəlan və Mərdəkan qəsəbələrində avtomobillərdən qarət etmələri məlum olub.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini qismən təqsirli hesab ediblər.
Məhkəmənin hökmü ilə Cəfər Bədəlov 11 il, Sahib Müzəffərov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
C.H.
www.oxu.az