Böyük Britaniyada abidənin altından tapılan 1964-cü ilə aid "zaman kapsulu"ndan çıxan qeyddə gələcək haqda proqnoz verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Londondakı məşhur Kristal Pelas parkının bərpa işləri həyata keçirilib, prosesə Coş Smolls rəhbərlik edib. Aprel ayında memar Cozef Pakstonun böyük büstünün altından fəhlələr sələflərinin 1964-cü ildə qoyduğu "zaman kapsulu"nu aşkar ediblər. Qutunun içində bir neçə sikkə və qeyd olub.
Müəllif orada yazıb ki, Surreydəki məşhur Epsom derbisində "Santa-Klaus" ləqəbli at qalib gəlib.
Qeydin sahibi məktubu tapana da Epsom derbisində oynamağı və adı Milad bayramları ilə bağlı olan ata mərc qoymağı məsləhət görüb.
Mühəndis Smolls həmkarları ilə bəxtini sınamağa qərar verib və sözügedən yarışların iştirakçı siyahısına baxıb. Onlardan biri "Milad" ləqəbli at olub.
"Mən son bir neçə ilin iştirakçılarına baxdım və onların arasında "Milad" adı ilə bağlı başqa bir at tapmadım" - deyə britaniyalı bildirib. O, "Milad"a 20 funt sterlinq mərc qoyub və at həqiqətən də finişə birinci gəlib.