Turanə Hüseynli yazır...
Gəlin sizə illərdir eşitdiyimiz, oxuduğumuz bir neçə fakt haqqında təkrar yazım.
Məsələn, uzun əsrlər boyu qadınların qəhrəman olmaları üçün yox, itaətkar olmaları üçün həyat planı qurulurdu. Tarixdə bu haqda saysız-hesabsız nümunələr göstərmək olar. Dünyanın bir çox ölkəsində qadınların ali təhsil almaq, mülkiyyət sahibi olmaq və ya səs vermək hüququ yalnız XIX və XX əsrlərdə tanındı. Qadınlara seçki hüququ 1893-cü ildə ilk dəfə Yeni Zelandiyada verildi. Fransa bunu 1944-cü ildə, İsveçrə isə federal səviyyədə yalnız 1971-ci ildə qəbul etdi. Amma azadlıq nə qanunlarla başlayır, nə də bitir.
Harvard Universiteti və digər tədqiqat mərkəzlərinin illərdir apardığı araşdırmalar göstərir ki, qız uşaqları hələ məktəb yaşlarından "mükəmməl olmağa", oğlanlar isə "cəsarətli olmağa" təşviq edilir. Psixoloqlar bunu "yaxşı qız sindromu" (good girl syndrome) adlandırırlar: səhv etməkdən qorxan, hamını razı salmağa çalışan, öz potensialını riskə atmayan qadın modeli.
Gəlin razılaşaq ki, biz bacardıq. Uğrunda mübarizə apardığımız, savaşdığımız, bizə aid olan hər şeyi aldıq. Asan olmadı. Ən azından səsimizi eşitdirə bildik.
Bəlkə də buna görə son illərdə ekranlarda başqa qadınları da görməyə başladıq: qüsursuz olmayan, amma güclü olan; hər şeyi bacaran yox, yıxıldıqdan sonra yenidən ayağa qalxa bilən; başqalarının yazdığı ssenarini yaşamaq əvəzinə, öz həyatının müəllifi olmağa çalışan qadınları.
İndi sizə haqqında yazacağım ekran işləri fərqli janrlarda olan seriallardır. Amma onları birləşdirən əsas fikir eynidir: qadının ən böyük gücü heç vaxt onun yaşı, peşəsi və ya başqalarının ona verdiyi adla mövcud olmur. Qadının ən böyük gücü özünü yenidən kəşf etmək cəsarətidir.
Bu cür cəsarətli uğurun arxasında qadın həmrəyliyi dayananda isə "The Bold Type" ("Cəsur tiplər") kimi ekran işi ərsəyə gəlir.
Karyera haqqında çəkilən serialların çoxunda rəqabət ön planda olsa da, sanki zirvəyə yalnız başqalarını geridə qoyaraq çatmaq mümkündür kimi fikir aşılansa da, bu serialdakı hadisələr tam əksini deyir.
Ceyn, Kat və Satton eyni redaksiyada işləyən, bir-birinin uğurunu öz uğuru kimi qəbul edən dostlardır. Amma onları birləşdirən təkcə peşələri deyil.
Serial moda və media dünyasının parlaq görüntüsünün arxasında qadınların gündəlik mübarizəsini göstərir: öz səsini tapmaq, bərabər imkanlar uğrunda çalışmaq, sevgi ilə karyera arasında seçim etməmək və öz dəyərlərindən vaz keçmədən uğur qazanmaq. Ən təsirli tərəfi isə budur ki, bu serialda qadın obrazları bir-birinin rəqibi deyil, dayağıdır.
Bəlkə də bu səbəbdən "The Bold Type" sadəcə media haqqında serial deyil. O, müasir qadın dostluğunun və həmrəyliyinin ən gözəl ekran nümunələrindən biridir.
Serialın ilham mənbəyi isə real həyatdan gəlir. "Cosmopolitan" ("Kosmopolitan") jurnalının keçmiş baş redaktoru Coanna Koulz bu layihənin icraçı prodüserlərindən biridir və hekayənin arxasında jurnal dünyasının real təcrübələri dayanır. Hətta serialdakı "Scarlet" ("Skarlat") jurnalı birbaşa "Cosmopolitan"ın bədii versiyası kimi düşünülüb.
Maraqlı məqamlardan biri də odur ki, serial yalnız moda və karyera ilə məhdudlaşmır. O, cinsi kimlik, bədən pozitivliyi, abort hüququ, sosial media təzyiqi kimi mövzuları da açıq şəkildə müzakirəyə çıxarır.
Ceynin jurnalist kimi inkişafı isə "mükəmməl olmaq" təzyiqinin necə dağıdıcı ola biləcəyini göstərir. O, tez-tez səhv edir, şübhəyə düşür, amma məhz bu qeyri-mükəmməllik onu daha real və inandırıcı edir. Satton isə moda dünyasında "sadəcə köməkçi" rolundan çıxıb öz karyerasını qurmağa çalışan minlərlə qadının simvoluna çevrilə bilir.
Serialın ən güclü mesajlarından biri də budur: qadınların uğuru təkbaşına bir yarış deyil, kollektiv bir yüksəlişdir. Onlar bir-birini aşağı çəkmək əvəzinə yuxarı qaldırdıqda sistemin necə dəyişməyə başladığını izləmiş oluruq.
Bəlkə də "The Bold Type"ı bu qədər sevilən edən də budur ki, o, qadın dostluğunu romantikləşdirmir, onu real, çətin, amma mümkün bir güc kimi göstərir.
Gəncliyin yaşda deyil, cəsarətdə olduğunu göstərən ləzzətli bir serial: "Younger" ("Daha gənc").
Bəzən insanın ən böyük arzusu yeni həyata başlamaq olur. Amma yaş artdıqca cəmiyyət bu arzunun qarşısına görünməz sərhədlər çəkir. "Artıq gecdir", "Sənin dövrün keçib" kimi cümlələr bir çox insanın xəyalını başlamadan bitirir.
"Younger" məhz bu düşüncəyə etiraz edən serialdır.
Qırx yaşlı Liza Miller iş həyatına qayıtmaq üçün özünü iyirmi altı yaşında göstərməyə məcbur olur. İlk baxışda komediya kimi görünən bu qərar, əslində müasir əmək bazarının ən böyük problemlərindən birini - yaş ayrı-seçkiliyini ortaya qoyur.
Serial yalnız romantik münasibətlərdən və ya əyləncəli situasiyalardan ibarət deyil. O, insanın özünü yenidən kəşf etməsindən, ikinci şansın mümkünlüyündən və cəmiyyətin yaratdığı qəliblərlə mübarizədən bəhs edir.
Biz doğrudan da yaşlanırıq, yoxsa sadəcə başqalarının bizdən gözlədiyi rolu oynamağa başlayırıq?
Serialın maraqlı tərəflərindən biri də onun real Nyu-York nəşriyyat dünyasından ilhamlanmasıdır. Yaradıcısı Darren Star - "Sex and the City" ("Seks və şəhər") kimi mədəni fenomenə imza atmış bir ad - bu dəfə diqqəti 20-30 yaşlıların karyera təzyiqinə yönəldir. Serialın əsas məkanı olan "Empirical Press" ("Empirikal Pres") əslində müasir nəşriyyat sənayesinin sürətlə dəyişən, rəqəmsallaşan və gənclik kultuna daha çox üstünlük verən üzünü simvolizə edir.
Liza obrazı isə təsadüfi deyil. O, həm analıq təcrübəsi olan, həm boşanmış, həm də uzun illər evdən uzaq qalmış bir qadındır. Maraqlıdır ki, serialın ən güclü tərəfi onun "mükəmməl" olmamasıdır. O, texnologiyanı öyrənməkdə çətinlik çəkir, gənc həmkarlarının dilini bəzən anlamır, amma məhz bu "uyğunsuzluq" onu daha real və sevilən edir.
"Younger" serialının başqa bir maraqlı detalı isə sosial medianın karyera və münasibətlərə təsirini çox erkən illərdə - 2015-ci ildən etibarən gündəmə gətirməsidir. Serialda "İnstaqram mədəniyyəti", "şəxsi brend yaratmaq" və "onlayn nüfuz" kimi anlayışlar süjetin təbii hissəsinə çevrilir. Bu da onu dövrünün qabaqcıl işlərindən birinə çevirir.
Tənqidçilər serialı bəzən "yüngül romantik komediya" kimi qiymətləndirsələr də, əslində o, qadınların iş həyatındakı görünməz yaş baryerlərini çox incə şəkildə ifşa edir. Statistikalar göstərir ki, 40 yaşdan yuxarı qadınlar işə qəbul prosesində daha az şans əldə edirlər və bu fərq kişilərlə müqayisədə kəskindir. "Younger" bu reallığı dramatikləşdirmədən, amma hiss etdirərək göstərir.
Öz gücünün fərqindəsən?
İllər boyu detektiv seriallarında dahilər eyni cür təsvir olunurdu: ciddi, soyuqqanlı və emosiyalarını gizlədən insanlar. "High Potential" ("Yüksək potensial") bu stereotipi dağıdan bir ekran işidir.
Morqan gündəlik həyatında üç uşaq böyüdən, təmizlikçi kimi çalışan adi bir qadındır. Amma onun qeyri-adi müşahidə qabiliyyəti polis əməkdaşlarının belə görə bilmədiyi detalları üzə çıxarır.
Serialın maraqlı tərəfi təkcə cinayətlərin həlli deyil, Morqanın dünyaya baxışıdır. O, qaydalardan kənar düşünür və məhz buna görə həqiqətə hamıdan tez çatır.
Əslində bu obrazın kökü tamamilə təsadüfi deyil. Serial Fransa istehsalı olan "HPI: Haut Potentiel Intellectuel" ("Yüksək intellektual potensial") layihəsinin Amerika adaptasiyasıdır. Orijinal versiya Fransada yayımlandığı ilk mövsümdən etibarən rekord izlənmə rəqəmlərinə çatmış və ölkənin son illərdəki ən populyar kriminal dramlarından birinə çevrilmişdi. Maraqlıdır ki, HPI termini real psixologiyada "yüksək intellektual potensial" mənasını verir və bu, adətən İQ (IQ) səviyyəsi 130-dan yuxarı olan insanları təsvir etmək üçün istifadə olunur.
Morqan obrazı isə bu anlayışı tamamilə fərqli bir istiqamətə aparır. O, klassik "dahi detektiv" deyil - əksinə, sistemin içində görünməyən, amma sistemi oxumağı bacaran bir qadındır. O da bir qadın, ana olduğundan, uğrunda mübarizə apardığı dəyərlərə görə mühitdə kənarlaşdırılma və çətinliklərlə üzləşsə də, serialın bölümləri ərzində onu həm qadın, həm ana, həm də işində olan bacarıqları ilə addım-addım kəşf edirik.
Serialın yaradıcıları müsahibələrində qeyd ediblər ki, Morqan obrazı "cəmiyyətin görmədiyi istedadları görünən etmək" ideyasından doğulub.
Serialın başqa bir maraqlı tərəfi isə onun tonudur. Ənənəvi kriminal dramların ağır və qaranlıq atmosferindən fərqli olaraq, "High Potential" daha yüngül, bəzən hətta komediya elementləri ilə zəngindir. Bu, tamaşaçıya cinayət hekayələrini izləyərkən emosional yorğunluq yaşatmır və eyni zamanda personajlarla daha yaxın bağ qurmağa imkan verir.
"High Potential" tamaşaçıya vacib bir fikri pıçıldayır: İnsanların potensialı həmişə diplomlarında, vəzifələrində və ya sosial statuslarında olmur, bəzən istedad heç kimin baxmadığı yerlərdə gizlənir.
Morqanın hekayəsi təkcə ağıllı qadın haqqında deyil. O, bizə fərqli olmağın zəiflik deyil, bəzən insanın ən güclü tərəfi olduğunu xatırladır.
Gəlin boynumuza alaq ki, hətta ekranda belə bu cür qadın obrazlarını görmək bir çox insanı narahat edir. Çünki güclü qadın obrazı təkcə bir personaj deyil. O, illərlə öyrəşdiyimiz qaydaları sorğulayan bir güzgüdür. Biz həmin güzgüyə baxanda təkcə qəhrəmanı yox, cəmiyyətin qadınlardan nə gözlədiyini də görürük. Öz qərarlarını verən, istedadını gizlətməyən, ikinci şansını özü yaradan və ya fərqliliyini üstünlüyə çevirən qadın isə hələ də bəzilərinə "həddindən artıq" görünür. Çünki azadlıq bir qanunla başlayır, amma bir hekayə ilə var olur.
Bəlkə də buna görə "Younger" ("Daha gənc"), "The Bold Type" ("Cəsur tiplər") və "High Potential" ("Yüksək potensial") sadəcə uğurlu seriallar deyil. Onlar qadınların necə olmalı olduğunu diktə etməyən, əksinə, hər qadının öz hekayəsini yazmaq haqqı olduğunu bizə göstərən çox ləzzətli ekran əsərləridir.