"Qadcetlərdən fasiləsiz istifadə görmə itiliyinə mənfi təsir göstərə bilər".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı həkim-oftalmoloq Dinara Muqudinova News.ru-ya açıqlamasında deyib.
Həkim qeyd edib ki, ekran qarşısında olarkən insanın göz qırpma tezliyi təxminən dörd dəfə azalır.
"Smartfon, planşet və ya monitora baxdıqda göz qırpma tezliyi üç-dörd dəfə azalır. Biz sadəcə bunu unuduruq. Normal halda insan dəqiqədə təxminən 15-20 dəfə gözünü qırpır. Ekran qarşısında isə bu rəqəm beş-yeddi dəfəyə qədər enir.
Nəticədə göz yaşı təbəqəsi kifayət qədər tez bərpa olunmur, quruyur və parçalanır. Bu isə görmə itiliyinin zəifləməsinə, görmənin dumanlanmasına və iltihaba səbəb ola bilən buynuz qişanın mikroeroziyalarına gətirib çıxara bilər.
Mütəxəssislər "20-20-20" qaydasına əməl etməyi məsləhət görürlər: hər 20 dəqiqədən bir baxışları ekrandan ayırmaq və 20 saniyə ərzində ən azı 20 fut (təxminən 6 metr) məsafədə yerləşən obyektə baxmaq lazımdır", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bu üsul gözlərin lazımi qədər istirahət etməsinə imkan verir.