Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərindən möhtəşəm GÖRÜNTÜLƏR
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənd şəhərində möhtəşəm qala-konsert keçirilib.
Oxu.Az xəbər verir ki, "Özbəkistan" beynəlxalq forumlar sarayında baş tutan konsertdə Xalq artisti Mənsum İbrahimov "Musiqi çələngi", Əməkdar artist Nigar Şabanova, "Sən gəlməz oldun", Afaq Abbasova "Bakı", Xalq artisti Yusif Eyvazov "Sevgili canan", Azərbaycan Dövlət Rəqs Ansamblı "Uzundərə" rəqsi, Xalq artisti Nəsibə Abdullayeva "Qarabağ", Xalq artisti Gülyanaq Məmmədova "Uluğumsan Vətənim", Aşıq Samirə və Aşıq Əli "Aşıq havaları", Xalq artisti Zülfiyyə Xanbabayeva "Şuşanın dağları", Azərbaycan Dövlət Rəqs Ansamblı "Qaytağı" rəqsi, Xalq artisti Azər Zeynalov "Şükriyyə", Afaq Abbasova və Azər Zeynalov "Arşın mal alan" operettasından duet, Azad Şabanov "Qayınana" filmindən "Popurri", Azərbaycan Dövlət Rəqs Ansamblı "Zəngəzur yallısı"nı ifa ediblər.
Konsertin sonunda bütün iştirakçılar Rauf Hacıyevin "Azərbaycan" mahnısını birlikdə səsləndiriblər.
Qeyd edək ki, konsertdəki bütün nömrələr böyük sevinc və heyranlıqla qarşılanıb.
@oxuaz Özbəkistanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində möhtəşəm qala konsert keçirilib.
♬ orijinal ses - Oxu.az News
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənd şəhərində möhtəşəm qala-konsert keçirilir.
Oxu.Az xəbər verir ki, "Özbəkistan" beynəlxalq forumlar sarayında baş tutan konsertin açılışında Həzrət Əzizlinin ifasında "Bayatı-Şiraz" muğamı, "Natiq" ritm qrupu və "Mirvari" rəqs ansamblının "Kompozisiya"sı böyük coşqu ilə qarşılanıb.
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənd şəhərində Əlişir Nəvai adına Milli Kitabxanada tədbir keçirilib.
Oxu.Az-ın məlumatına görə, kitabxanada "Azərbaycan ədəbiyyatı" guşəsinin açılışı olub.
Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək guşə haqqında məlumat verib.
"Bu kitabxananın minlərlə oxucusu var və burada belə bir guşənin açılması daha çox insana Azərbaycan ədəbiyyatının çatması deməkdir. Biz əminik ki, yaxın zamanlarda bizim kitabxanada özbək, buradakı kitabxanada Azərbaycan yazıçı və şairlərinin kitablarının təqdimat mərasimləri keçiriləcək", - deyə Kərim Tahirov vurğulayıb.
Daha sonra Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Ümidə Taşibayeva Azərbaycan-Özbəkistan mədəni əlaqələrindən danışıb:
"Özbəkistan və Azərbaycan ədəbiyyatı bir-birinə bağlıdır. Burada Nizami də, Füzuli də Əlişir Nəvai kimi sevilir və doğma qəbul olunurlar. Kitabxanamızda belə bir guşənin açılması oxucularımızın hər iki ölkənin ədəbiyyatını tanımasında yaxından yardımçı olacaq".
Özbəkistanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd şəhərində Azərbaycan milli şirniyyatlarının təqdimatı da baş tutub.
Oxu.Az-ın məlumatına görə, təqdimat "Ozbəkistan" beynəlxalq forumlar sarayında keçirilib.
Mərasimdə Azərbaycanın müxtəlif bölgələrinin şirniyyatları - Quba, Bakı paxlavaları, Zaqatala bamiyəsi, Ordubad qayğanağı, Qarabağ və İrəvan kətələri, şəkərbura və s. kimi şirniyyatlar qonaqlara təqdim olunub.
İyunun 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
Oxu.Az bildirir ki, proqram çərçivəsində ilk tədbir Özbəkistan Yazıçılar İttifaqında keçirilir.
Konfransın mövzusu "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz"dir.
Konfransın açılışında Özbəkistanın mədəniyyət naziri Ozotbek Nazarbekov çıxış edərək bildirib ki, Azərbaycan və Özbəkistan mədəniyyətləri bir-birinə sıx bağlıdır:
"Azərbaycan və Özbəkistan mədəniyyətini və ədəbiyyatını bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Biz bu əlaqələrin daha da möhkəmləndirilməsi və dərinləşməsi üçün gələcəkdə də işlər görəcək, xalqlarımızın qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirəcəyik".
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan və Özbəkistan xalqları qədim və zəngin mədəniyyətə malikdirlər.
"İstər mədəniyyət sahəsində, istərsə də bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edən münasibətlərin əsasını mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz təşkil edir. Bu, daha çox iki lider - dövlətlərimizin başçıları, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı hörmət, qarşılıqlı anlaşma və şəxsi əlaqələrdən irəli gəlir", - deyə Azərbaycanın mədəniyyət naziri vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələr xüsusi xarakter daşıyır və çoxəsrlik tarixə, böyük ənənələrə malikdir:
"Azərbaycanda özbək xalqının İbn Sina, Xorəzmi, Buxari, Uluqbəy kimi görkəmli nümayəndələrinə böyük ehtiramla yanaşılır. Eyni zamanda, Özbəkistanda orta əsr klassiklərimiz Nizami Gəncəvi, Xaqani, Nəsimi, Məhəmməd Füzulinin yaradıcılığına nə qədər ehtiramla yanaşıldığını bilirik".
Xanım Aydın